AZ EN RU

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalçıları üçün təlim və maarifləndirici tədbirlər keçirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsulu istehsalçıları üçün təlim və maarifləndirici  tədbirlərə start verilib. Bu tədbirlər muxtar respublikanın bütün bölgələrində il sonuna qədər davam edəcək.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvan şəhəri və Babək rayonunda keçirilən təlimlərdə kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə muxtar respublikanın büdcəsinin vəsaiti hesabına əkin, məhsul, toxum, ting, meyvə və üzüm bağlarının salınmasına görə verilən subsidiyalar haqqında məlumat verilib. Həmçinin lizinq xidmətlərinin göstərilməsi, torpaq sahələri ilə bağlı daşınmaz əmlakın reyestrindən çıxarışın alınmasına dair maarifləndirmə aparılıb.

Qeyd olunub ki, 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər.  Bundan başqa, biçin həyata keçirilmiş sahələrdən dərhal küləşin çıxarılması, növbəti əkinlər üçün şumun aparılması və əkin zamanı sertifikatlı toxumlardan istifadənin məhsuldarlığa müsbət təsirləri qeyd olunub. Həmçinin heyvanların bəslənmə qaydaları, xəstəliklərə qarşı profilaktik müalicə üsulları, o cümlədən xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə tədbirlərinin aparılmasının zəruriliyi də izah edilib.

Təlimlərdə suallar cavablandırılıb, bukletlər paylanılıb.

Nəşr edilib : 30.07.2024 17:01