AZ EN RU

Naxçıvanda dönərxanalar üzrə aparılan monitorinqlərin nəticələri açıqlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. 

Agentlikdən "Şərq qapısı"na bildirilib ki, məhsullar risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Qida təhlükəsizliyi baxımından əhali arasında baş vermiş qida zəhərlənmələri hallarını təhlil etmək, habelə onların yayılmasının qarşısının alınmasına və aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək məqsədilə muxtar respublikada fəaliyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb.
Monitorinqlər zamanı, əsasən, aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:
 - müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida
təhlükəsizliyi reyestrinə daxil edilməməsi; 
- texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi; 
- xammalların müşayiətedici sənəd, baytarlıq arayışı və sair sənədlər olmadan qəbulunun həyata keçirilməsi; 
- temperatur rejiminə əməl olunmaması;
- yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi;
 - çiy dönər emalının sanitar-gigiyenik tələblərə uyğun, texnoloji proseslərin icrası üçün lazım olan avadanlıq və inventarla təchiz olunmuş ayrıca sahədə həyata keçirilməməsi; 
- işçilər tərəfindən gigiyena qaydalarına tam riayət edilməməsi;
 - işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və tibbi arayışlarla tam təmin
olunmaması; 
- müəssisənin hər zaman istifadəyə hazır, yetərli miqdarda içməli su sistemləri ilə təchiz olunmaması; 
- müəssisədə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməməsi;
- qida ilə təmasda olan materialların müvafiq müşayiətedici sənədlərinin olmaması. Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 4 nümunədə (2 toyuq və 2 mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, 1 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
İstehlak edilən qida məhsulları ilə bağlı vətəndaşlarda hər hansı şübhə yarandıqda,
eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla (036) 545-28-83 əlaqə nömrəsi ilə agentliyə məlumat verilə bilər. İstehlakçı hüquqlarının qorunması istiqamətində agentlik tərəfindən qeyd olunan sahədə nəzarət tədbirləri davam etdiriləcək və nəticələri barədə mütəmadi ictimaiyyətə məlumat veriləcəkdir.

Nəşr edilib : 10.07.2024 13:29