AZ EN RU

Naxçıvanda bitkiçilik təsərrüfatları, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır

Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi yarananadək muxtar respublika üzrə digər aidiyyəti qurumlar tərəfindən monitorinqlər keçirilsə də, nümunələr seçilərək ölkənin müvafiq fitosanitar laboratoriyalarında ekspertizaya cəlb edilməyib. Bu isə muxtar respublika üzrə fitosanitar vəziyyət, xüsusən karantin obyektlərinin mövcud olub-olmaması barədə laboratoriya ekspertizası ilə təsdiq edilmiş məlumatların olmamasına səbəb olub.

 Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən "Şərq qapısı"na bildirilib ki, agentlik tərəfindən “Muxtar respublika ərazisi üzrə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında, eləcə də park və yaşıllıqlarda 2024-cü ilin 2-ci yarısı üzrə Monitorinq Planı” hazırlanaraq təsdiq edilib və işçi qrup yaradılıb. Plana əsasən hazırda monitorinqlərə başlanılıb.

Monitorinqlər çərçivəsində Naxçıvan şəhəri və muxtar respublikanın 7 rayonunu əhatə etməklə yaşayış məntəqələrindən təsadüfi seçmə üsulu ilə əkinlərin, təxminən, 5 faizə qədər hissəsindən və ya 42 ilkin istehsalı təsərrüfatlarından, həmçinin 8 park və yaşıllıq ərazilərdən karantin nəzarətində olan materiallardan və zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitki hissələrindən, təxminən, 100-dən artıq nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laborotoriyasına yoxlanılması üçün göndəriləcək.  Nəticələrə əsasən müvafiq tədbirlər görüləcək. Həmçinin monitorinqlər zamanı təsərrüfat sahiblərinə zərərli orqanizmlərin daha geniş ərazilərə yayılmaması və məhsul itkisinin qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlərin görülməsi barədə tövsiyələr verilir.

Nəşr edilib : 17.07.2024 17:50