AZ EN RU

Naxçıvanda beynəlxalq əhəmiyyətli turnir mükəmməl şəkildə təşkil olunub

Şahin Ağamalıyev (Türkiyə komandasının kapitanı): “15 ildir ki, Türkiyə komandasında çalışıram. Azərbaycanda, Naxçıvanda şahmatın inkişafını uzaqdan izləyirəm. Muxtar respublikada şahmat çox böyük inkişaf mərhələsindədir. Bunu təkcə mən yox, Türkiyədə çalışan məşqçilər də deyir. Naxçıvanda qrossmeyster, beynəlxalq ustalar, FIDE ustaları yetişib. Xüsusilə yeniyetmə və gəncləri vurğulamaq istəyərdim. Onlarla məktəblilərin Avropa çempionatında görüşdüm. Hətta onlar arasında dərəcə əldə edib 3-cü olan da vardır. Təbii ki, bu sevindiricidir. Bu nəticələrin əldə edilməsinin səbəbi muxtar respublika rəhbərinin şahmata göstərdiyi qayğı və dəstəkdir. Naxçıvanın şəhər və rayonlarında şahmat məktəbləri fəaliyyət göstərir ki, onlar da ən müasir şəraitlə təchiz olunublar. Türkiyənin özündə belə gözəl şahmat mərkəzləri görməmişəm. Hazırda Türkiyədə 18 yaşdan aşağı uşaq və yeniyetmələrlə çalışırıq və inkişaf gedir. Bu olimpiadada 3 komanda ilə mübarizə aparırıq. Artıq iki tur geridə qalıb və pis nəticələr əldə etməmişik. Yarışda çox güclü komandalar və şahmatçılar mübarizə aparır. Qarşıda hələ bir neçə tur var, uğurlu nəticələr qazanmaq üçün çalışacağıq. Burada güclü heyətlə təmsil olunuruq. Düzdür, bəzi şahmatçılarımız qarşıdakı Avropa çempionatına hazırlaşdığından gələ bilmədilər. Lakin heyətimizdə istedadlı şahmatçıların olması uğurlu nəticələr əldə edəcəyimizəəminlik yaradır”.

    Sezar Matyus Romero (Panama komandasının kapitanı): “Bu mənim Azərbaycana ikinci, Naxçıvana isə ilk səfərimdir. Yarış çox yüksək səviyyədə təşkil olunub, hər şey şahmatçıların istədiyi tərzdə hazırlanıb. Burada olduğumuz üçün çox xoşbəxtik. Düzdür, olimpiadaya elə də yaxşı başlamadıq. İlk turda Hindistan komandasına məğlub olduq. Buna baxmayaraq, şahmatçılarımıza güvənirəm və onların son tura qədər gözəl oyun nümyiş etdirib daha çox qələbə qazanacaqlarına əminəm. Fikrimcə, bu olimpiadanın favorit komandaları İran, Azərbaycan və Hindistandır. Lakin sürpriz nəticələr də görə bilərik. Burada məni daha çox cəlb edən şəhərinizin gözəlliyidir. Bir çox ölkə və şəhərlərdə olmuşam, lakin Naxçıvan qədər küçələri geniş və təmiz, sakit şəhər görməmişəm. Adətən, belə yarışlar paytaxt və ya böyük şəhərlərdə təşkil olunur. Bu da şahmatçıların bir az ürəyincə olmur. Ancaq indi deyə bilərəm ki, burada olan, iştirak edən bütün şahmatçılardan, qonaqlardan soruşsanız, onların hamısı Naxçıvanın gözəl və sakit bir şəhər olduğunu deyəcəklər”.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.10.2022 19:23