AZ EN RU

Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib. Konfrans müasir oftalmologiya sahəsində olan problemlərin və əldə olunan uğurların müzakirəsi, regionlarda oftalmologiyanın problemlərini öyrənməklə qarşıya çıxan çətinliklərin aradan qaldırılması məqsədilə təşkil edilib.

    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov  ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, muxtar respublikada əhalinin sağlamlığının, əhaliyə lazımi tibbi yardımın göstərilməsi, səhiyyənin müxtəlif istiqamətlərinin inkişafı diqqətdə saxlanılmış, muxtar respublikada fəaliyyət göstərən tibb müəssisələri ən müasir maddi-texniki baza və ən son standartlara cavab verən avadanlıqlarla təmin olunaraq muxtar respublika əhalisinin ixtiyarına verilmişdir. Nazir qeyd edib ki, səhiyyənin bütün istiqamətlərində, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılmış, muxtar respublikaya dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regional konfranslarda əsas məqsəd kimi oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması diqqətdə saxlanılmışdır. Mütəmadi olaraq Milli Oftalmologiya Mərkəzinin professorhəkim heyətinin muxtar respublikada seminar və konfranslar təşkil etməsi, müayinələrin və əməliyyatların aparılmasında iştirak etməsi yerli oftalmoloqların bu sahədə tibbi biliklərinin təkmilləşməsində əvəzsiz rol oynayır. Bundan sonra da daim bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayan nazir konfransın işinə uğurlar arzulamışdır.
    Naxçıvan Dövət Universitetinin rekoru, dosent Elbrus İsayev çıxış edərək muxtar respublikada kadr potensialının təkmilləşdirilməsində və muxtar respublikanın tibbi kadrlara olan tələbatının ödənilməsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin mühüm rol oynamasından, vaxtaşırı tibbi dərnək və cəmiyyətlərlə belə tədbir və konfransların təşkilindən danışıb.
    Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov çıxış edərək Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqlarla təchiz edildiyini, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduqlarını, mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərildiyini diqqətə çatdırıb.
    Qeyd edilib ki, oftalmologiyada konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstəliklərin müalicəsi ilə bağlı nailiyyətlərin əldə edilməsi ilə yanaşı, həllini gözləyən elmi problemlər də mövcuddur.
    Konfransda çıxış edən həkim-oftalmoloqlar – Ceyhun Nəzərli, Günay İbrahimzadə, Lalə Axundova, Ramin Cəfərli, Aynur Rzayeva, Kəmalə Əliyeva və digər məruzəçilər müasir oftalmologiyanın son nailiyyətlərindən, aktual problemlərindən danışıblar.
    Tədbirdə muxtar respublika oftalmoloqlarının qarşılaşdıqları çətinliklərdən də söz açılıb, fikir mübadiləsi aparılıb.
    Konfrans oftalmoloqların mövzu ilə bağlı məruzə və çıxışları ilə davam edib.
    Konfrans zamanı aksiya çərçivəsində 101 nəfər müayinə olunub.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2022 20:18