AZ EN RU

Naxçıvanda aqrar sahə üzrə subsidiyalarla təminat uğurla reallaşdırılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 20 aprel tarixli Fərmanına əsasən muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına subsidiyaların verilməsinin müvəqqəti qaydası təsdiq olunub. Bu qayda aqrar sahədə yeni subsidiya mexanizminin yaradılaması haqqında Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanının icrası muxtar respublikada elektron kənd təsərrüfatı informasiya sistemi yaradılanadək, eləcə ölkənin bu informasiya sisteminə inteqrasiya olunadək sözügedən şəxslərə subsidiyaların verilməsinin qaydalarını, şərtlərini müəyyən edir. Ümumiyyətlə aqrar sahə üzrə əkin, məhsul, toxum, heyvan, barama və arı subsidiyaları verilir.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Tural Haqverdiyev söyləyib.
O qeyd edib ki, subsidiyalar qeyd edilən inteqrasiya prosesi icra olunadək müvafiq icra hakimiyyətləri orqanlarına müraciət əsasında müəyyənləşir. Belə ki, bu məqsədlə təsərrüfatçıların torpaq üzərində hüquqlarına dair sənədlərini, sahədə hansı əkinin aparılması barədə məlumatlarını əks etdirən icmal siyahısı hazırlanaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunur. Nazirlik isə fermerlərə nəzərdə tutulan subsidiyaların verilməsi üçün müvafiq bankla razılaşdırmaqla plastik kartların hazırlanmasını və subsidiyanın verilməsini təmin edir. Subsidiyalar 25 faizi nağdlaşdırılmaqla, 75 faizi isə nağdsız şəkildə ödənilir.
“Ümumiyyətlə, aqrar sahə üzrə müəyyən olunmuş qaydalara əsasən kənd təsərrüfatı təyinatlı, əkilən torpaqlara görə subsidiyalar verilir. Məlumat üçün onu da qeyd edim ki, bu qaydanın müvafiq hissəsinə uyğun olaraq 2025-ci il yanvar ayının 1-dən etibarən torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin dövlət reyestrindən çıxarışı olmayan şəxslərə subsidiyalar verilməyəcək. Məbləğlər əmsallarla müəyyənləşir. Subsidiyada baza məbləği var ki, bu məbləğ kənd təsərrüfatı məhsulları üzrə subsidiyalarının hesablanmasında sabit bir maliyyə vahididir. Bu məbləğ 200 manatdır. Hər bir əmsal isə bitkinin istehsal sahəsi və həcminə görə Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən göstəricidir. Bitkilər üçün əmsal müəyyən edilərək baza məbləğinə vurulur və beləcə, nə qədər subsidiya veriləcəyi müəyyənləşdirilir. Nümunə üçün deyim ki, taxıl üçün 1,1 əmsal nəzərdə tutulub ki, bu da 200 manata vurularaq 220 manat məbləğində subsidiya edir. Bunun 25 faizi, yəni 55 manatı nağd, qalan 75 faizi isə nağdsız yolla ödənilir. Son olaraq onu qeyd edim ki, muxtar respublikada ötən ilin payızlıq əkinləri üçün subsidiyaların verilməsi prosesi tam başa çatıb, hazırda yazlıq əkinlərə görə subsidiyalar verilir”, – deyə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi əlavə edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.07.2024 11:17