AZ EN RU

Naxçıvanda 51 adda ənənəvi və qeyri-ənənəvi bitki elmi tədqiqatlara cəlb olunub

Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı  Elmi-Tədqiqat İnstitutu tərəfindən ötən ildən başlayaraq ənənəvi bitkilərlə yanaşı qeyri-ənənəvi bitkilər də tədqiqatlara cəlb edilib, sınaq məqsədilə əkin həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova sınaq məqsədilə qeyri-ənənəvi bitkilərin əkildiyi sahələrə baxış keçirib. Nazir müavininə bitkilərin üstün cəhətləri və mövcud vəziyyəti barədə məlumat verilib. 

Qeyd olunub ki, Naxçıvan Kənd Təsərrüfatı  Elmi-Tədqiqat İnstitutu tərəfindən ümumilikdə 51 adda ənənəvi və qeyri-ənənəvi bitki tədqiq olunur. İnstituta məxsus Naxçıvan şəhərindəki və Şərur rayonundakı sahələrdə muxtar respublikada ilk dəfə olaraq “Aroniya”, “Siirt fıstığı”, “Pavloniya”, “Amarant”, “Kinoa”, “Sorgum – Bicolor”, “Lavanda” və “Maralfalfa” bitkilərinin sınaq məqsədilə əkini aparılıb. Hazırda bitkilər üzərində elmi müşahidələr aparılır. Müxtəlif sahələr üçün qiymətli xammal mənbəyi olan bu bitkilərin məhsuldarlığı, keyfiyyət göstəriciləri, xəstəlik və zərərvericilərə qarşı davamlılığı ilə yanaşı, muxtar respublikanın iqliminə uyğunluluğu da öyrənilir. Sınaq əkinin nəticələri uğurlu olduğu təqdirdə təsərrüfatlarda geniş istifadə olunması istiqamətində təşviq işləri aparılacaq.

Nəşr edilib : 16.07.2024 14:56