AZ EN RU

“Naxçıvan xanlığının bayraqları” mövzusunda tədbir keçirilmişdir

    Naxçıvan Dövlət Bayrağı Muzeyinin ekspozisiya zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, AMEA Naxçıvan Bölməsinin, muzey əməkdaşlarının və Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Naxçıvan xanlığının bayraqları” mövzusunda tədbir keçirilmişdir.   
    Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim mədəniyyətlərin mərkəzində dayanan Naxçıvanın çətin, mürəkkəb və eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçməsindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Azərbaycanın bu qədim və zəngin diyarını hərtərəfli şəkildə öyrənmək üçün imzaladığı sərəncamlar, burada yaradılan şərait, aparılan məqsədyönlü iş çoxəsrlik Naxçıvan tarixinin ayrı-ayrı dövrlərinin, qüdrətli şəxsiyyətlərin, həm də xanlıqlar dövrünün elmi əsaslarla tədqiq edilməsinə zəmin yaradır. Bütün bu əhəmiyyətli işlərlə yanaşı, son illərdə Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması sahəsində də axtarışların aparılması zərurəti meydana çıxmışdır. 
    AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin elmi işçisi Nilufər Ağayeva qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi haqqında” Sərəncamında dövlətçilik atributlarının və tarixi ənənələrin dərindən araşdırılması və öyrənilməsi tələb olunurdu. 
    Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq Naxçıvan xanlığına aid iki bayraq müəyyən edilmiş və üzə çıxarılmışdır. Naxçıvan xanlığının bayraqları üzərindəki təsvirlər xanlığın hərbi-siyasi mövqeyini, strategiyasını tam şəkildə ifadə edir. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından da əhəmiyyətlidir. Bütövlükdə isə yeni tapılmış bayraqlar Azərbaycanda milli dövlətçilik ənənələrinin öyrənilməsi üçün də zəngin mənbədir.  
    Sonda Naxçıvan Dövlət Bayrağı Muzeyinin baş fond mühafizi Asudə Məhərrəmlinin çıxışı dinlənilmiş və muzey ekspozisiyasına baxış olmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.11.2022 21:14