AZ EN RU

“Naxçıvan” Universiteti ilə Times Higher Education arasında əməkdaşlıqla bağlı görüş keçirilib

“Naxçıvan” Universiteti reytinqlərdə yer almağı hədəfləyir

       Böyük Britaniya mərkəzli qlobal tanınırlığı olan “Times Higher Education” (THE) təşkilatının regional direktoru Laçın İtalmazova “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov və universitetin inzibati heyəti ilə görüş keçirib. Telekörpü formatında olan görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
       Laçın İtalmazova çıxışında reytinqlərin vacibliyi, orada yer almağın davamlığının universitetin inkişafında mühüm göstərici olduğunu bildirib və bununla bağlı öz tövsiyələrini verib. 
       “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov “Naxçıvan” Universitetinin prioritet inkişaf istiqamətləri haqqında məlumat verib və görüşün təşkilinə görə “Times Higher Education” təşkilatının regional direktoru Laçın İtalmazovaya təşəkkürünü bildirib.
       Görüşün nəticəsi olaraq, “Times Higher Education” təşkilatının beynəlmiləşmə simulasiyasını “Naxçıvan” Universitetində tətbiq etməsi və universitetin strateji planının hazırlanmasında “THE Road Map”in istifadəsi ilə bağlı olaraq razılıq əldə edilib.
       Xatırlatmaq istərdik ki, THE fəaliyyət istiqamətlərindən biri də dünya ali təhsil müəssisələrinin reytinqini tərtib etmək və universitetlərin reytinqinin yüksəldilməsi üçün tövsiyələr verməkdir. Təşkilatın tərtib etdiyi siyahı dünyada ən nüfuzlu siyahılardan biri hesab olunur.

Nəşr edilib : 12.07.2023 17:31