AZ EN RU

Naxçıvan – Şərqin qapısı

Bəli, belə çağırırlar Naxçıvanı. Naxçıvan! Sənin adın gələndə başım göylərə ucalır, vüqarım bulağa dönür, ürəyim sevincdən köksümə sığmır. Sənin övladlarının adları igidlər sırasında çəkiləndə – ya savaş meydanı olsun, ya da əmək meydanı, onlar sənin adını ucaldanda mən də ucalıram, qanadlanıram.

Doğma yurd hamıya əzizdir. Məndən ötrü sən yurdların içində yurdsan, Cahan içində cahansan –Naxçıvan! Sən mənim görən gözümsən, düşünən beynimsən, danışan dilimsən, dizimin taqətisən, qeyrətimsən, şanım, şöhrətimsən, Naxçıvan!

Günçıxanda Gəmiqaya, günbatanda Ağrı dağı, quzeydən Kiçik Qafqaz, güneydən Arazın o tayında ucalan Qaradağ silsilələri ilə dövrələnən və dünyanın ən qəribə möcüzəli yerlərindən olan Naxçıvan torpağına “Nuh Peyğəmbərin Vətəni”, “Nuhun diyarı” da deyirlər. Bəli, biz bu sözü Naxçıvanın ürəkdə doğurduğu qürur hissi ilə deyirik.

Naxçıvan sözünün çoxlu etimoloji yozumu arasında “Naxçıvan – Nuh çıxan” çağırılması bir daha bu diyarın qədim tarixə malik olduğunu sübut edir.

Azərbaycanın ən qədim məskənlərindən biridir Naxçıvan. Beş minillik şəhərsalma tarixinə malikdir. Bu gün siyasi və mədəni cəhətdən ən mədəni mərkəzlərdən biri sayılır. Azərbaycan Atabəylər dövlətinin paytaxtı XII əsrin 30-70-ci illərində Naxçıvan şəhəri olmuşdur. Naxçıvanın qədimliyini sübut edən – Möminə xatın türbəsi, Gəmiqaya rəsmləri, Əshabi-kəhf ziyarətgahı, Əlincə qalası, yüzlərlə məscidlər, mədrəsələr bu diyarın daş yaddaşlarıdır.

Təbiət Naxçıvan torpağından heç nəyi əsirgəməyib. Bu torpağın yerüstü, yeraltı sərvəti, mədəniyyəti, incəsənəti təhsili, ədəbiyyatı, iqtisadiyyatı bir çox inkişaf etmiş ölkələrlə bir sırada durmağa əsas verir.

Naxçıvan 800 il bundan öncə yaşamış Şərqin böyük memarı Əcəmi Əbubəkr oğlunun, öz fırçası ilə möcüzələr yaradan Bəhruz Kəngərlinin, “Kiçik hekayənin, böyük ustadı” Mirzə Cəlilin, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” misrasının müəllifi Hüseyn Cavidin, “Vətən mənə oğul desə nə dərdim” deyən Məmməd Arazın, nəğməkar şair İslam Səfərlinin, Kəmalə Ağayevanın, dünyada dahi şəxsiyyət kimi tanınan, Ümummilli Lider Heydər Əliyevin və bizim hamımızın Vətənidir.

Naxçıvan torpağı başdan ayağa möcüzəli bir diyardır. Öz yeraltı sərvəti – mineral suları “Badamlı”, “Sirab”, “Vayxır”, “Narzan” və sair ilə dünyada şöhrət tapıb. Haqlı olaraq bu yeri “Mineral sular qalereyası” adlandırırlar. Bu torpağın hər qarışı zəngin sərvətlə doludur. Naxçıvan “Duzdağ” da müalicə mərkəzi, “Darıdağ” təbii müalicə kompleksi bir çox xəstəliklərin müalicəsi üçün qapılarını uzaq-yaxın yerlərdən gələnlərin üzünə açıb.

Naxçıvan Azərbaycanın bütün dövrlərdə ayrılmaz tərkib hissəsi olmuşdur. Bu torpaq Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir.

Ölkəmizin dil açıb danışan möhtəşəm tarix kitabıdır bu yurd yeri. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır, eyni zamanda bu Azərbaycanın ən səfalı və dilbər guşələrindən biridir, möcüzələr diyarıdır. Qədim filosoflar Naxçıvanı təkcə Şərqin deyil, həm də Qərbin Günəşi hesab edirlər.

Naxçıvan qədimliklə yeniliyi özündə birləşdirən sanki canlı bir muzeydir. Ürəyində Azərbaycançılıq ruhunu yaşadan bu diyarı sivilizasiyanın beşiyi adlandırsaq, heç də yanılmarıq.

Muxtar respublikamız Naxçıvan şəhərini və 7 rayonu əhatə edir. Əhalisi 450 minə yaxındır. Əhalinin çox hissəsini gənclər təşkil edir. Onların bilikli və vətənpərvər ruhda yetişdirilməsinə xüsusi diqqət yetirilir.

Yaşı əsrlərlə ölçülən, qədim türbə və tikililər, sirli dağlar, mağaralar, qədim qalalar Naxçıvanın min illərin o üzündə salınmış tarixindən xəbər verir.

Həm yazılı mənbələr, həm də aparılan arxeoloji qazıntılar zamanı tapılan materiallar sübut edir ki, bu diyarda şəhər mədəniyyətinin tarixi çox qədimdir. Naxçıvan Azərbaycan memarlığında xüsusi və əhəmiyyətli olan bir diyardır. Memar Əcəminin yaratdığı Yusif ibn Küseyir, Naxçıvanın rəmzi olan Möminə xatın türbəsi, Gülüstan qalası, Buzxana, Qarabağlar kompleksi, Nuh Peyğəmbərin türbəsi, İmamzadə məscidi yurd yerimizə möhtəşəmlik gətirib.

İllərin, əsrlərin yadigarı olan Əlincə qalası hürufiliyin banisi Fəzlullah Nəiminin ruhunu öz qoynunda yaşadır. Sibirin qarlı-şaxtalı çöllərində İrkutsk vilayətinin Tayşet rayonundakı Şevçenko qəsəbəsindən 59 N-li qəbirdən ölümündən 43 il keçəndən sonra doğma torpağa nəşi gətirilən Cavidin uyuduğu Cavidlər məqbərəsi bu gün naxçıvanlıların ziyarətgahına çevrilib.

Naxçıvanda milli-mədəni irsin qorunub saxlanılması, zənginləşdirilməsi, respublikanın turizm potensialının artırılması üçün mühüm işlər görülür, bu da Naxçıvana turist axınının çoxalmasına səbəb olur.

Əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən sahələr günbəgün genişlənir. Hazırda muxtar respublikamızda təhsil, səhiyyə, idman və digər sahələr yüksək sürətlə inkişaf edir, irəliləyir, xarici dövlətlərlə ticarət əlaqələri genişlənir.

Naxçıvan həm də tolerant bir diyardır. Bu diyarı digər xalqlardan fərqləndirən cəhət digər mədəniyyətlərə hörmətlə yanaşmaq, həmrəy olmaq düşüncəsini mənimsətməklə yanaşı, sülhün, əmin-amanlığın təmin edilməsi Qərblə Şərq arasında mədəni körpü rolunu oynamağından irəli gəlir.

Naxçıvan bu gün mənfur qonşularımıza gözdağıdır. Hələ də bu dilbər guşədə onların gözü var. Ancaq nə qədər çalışsalar da, onlar Naxçıvanın bir qarış torpağına belə sahib ola bilməyəcəklər.

Naxçıvan bu gün dillərdə şeirə, mahnıya, nəğməyə çevrilir. Buz kimi bulaqları, gözoxşayan təbiəti, quşqonmaz qayaları, gözəlliyi ilə dünyanı heyrətə salan Batabat yaylası, Xal-xal meşəsi, Dəlidağ yaylası şairlərə, bəstəkarlara geniş mövzu verir. Unudulmaz şair İslam Səfərlinin “Batabat bulağı” şeirində deyildiyi kimi:

Bulaqların bir səmtədir axarı,

Salvartıdan xoş görünür baharı,

Biçənəkdən at səyirib yuxarı,

Yalmanlara yata-yata gəlmişəm,

Mərcangözlü Batabata gəlmişəm.  

Naxçıvan diyarı zəngin təbiətə, ecazkar gözəlliyə malik ərazi olduğundan bir sıra məşhur “Dədə Qorqud”, “Nəsimi”, “Babək” kimi bədii filmlərinin əsas epizodları məhz burada çəkilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 il ərzində keçdiyi yol təsdiqləyir ki, Naxçıvanın xilası və tərəqqisi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu yolu uğurla davam etdirən ölkəmizin Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycanı – Naxçıvanı qüdrətli dövlətə çevirmək üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.

Elvira ƏSGƏROVA

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu üzrə II kurs tələbəsi

Məqalə “Şərq qapısı” qəzetinin elan  etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq

müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 08.07.2024 11:49