AZ EN RU

Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrinə suyun verilişində fasilələr yaranacaq

Avqustun 15-də Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində (İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısı) 450 millimetrlik magistral su xəttində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən “Şərq qapısı”na bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq səhər saat 09:00-dan gecə 00:00-dək magistral yol birtərəfli bağlanılaraq zəruri qazıntı və hazırlıq işləri aparılacaq. Eləcə də əhalinin su ilə təminatında fasilələrin yaranmaması üçün boru dəyişmə işlərinin gecə saat 00:00-dan səhər saat 06:00-dək həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, boruların yeniləri ilə əvəzlənməsi zamanı gecə saat 00:00-dan səhər saat 06:00-dək şəhərin İstiqlal küçəsindəki 121, 123, 125, 127 və 129 saylı binalarda suyun təzyiqinin azalması, Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Xətai məhəlləsi, 11, 20, 21 və 22-ci məhəllələrdə suyun tamamilə dayandırılması nəzərdə tutulur.

Nəşr edilib : 14.08.2024 17:20