AZ EN RU

Naxçıvan şəhərində vətəndaşların səyyar qəbulu keçirilib

İyulun 9-da Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan Naxçıvan şəhər sakinlərini qəbul edib.
İcra hakimiyyətinin müvafiq struktur bölmə rəhbərləri və şöbə müdirlərinin iştirakı ilə keçirilən səyyar qəbulda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. İcra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların müraciətlərinin həlli ilə bağlı tədbirlər görürlər.
Vətəndaşların məhəllədaxili yolların asfaltlanması, işlə təmin olunma, Xətai məhəlləsində məktəb tikintisi, yollarda sürət həddini tənzimləyən əlavə qurğuların quraşdırılması, yağış sularının mənzillərə verdiyi zərərin aradan qaldırılması və digər məsələlərlə bağlı müraciətlərinin bir qismi yerində həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Əhməd Vəliyev sakinləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə dəvət edib.

Nəşr edilib : 09.07.2024 21:50