AZ EN RU

“Naxçıvan Qaziləri” İctimai Birliyinin yaranması qazilərin birliyinin nümunəsidir

Vətən savaşı Azərbaycan xalqının yaddaşına silinməz izlər saldı. Cəmi 44 gündə işğaldan azad edilən torpaqların hər qarışı uğrunda canını və qanını fəda edən oğulların şücaəti ilə xalqımız qürur dolu günlər yaşadı. Azərbaycan əsgəri canından keçərək ölümə getdi, amma bir qarış torpağı düşmənə vermədi. Qarabağın azadlığı uğrunda itən əllər cənnət Şuşaya Vətəndən bərk yapışmağa güc, torpağın bir qarışına qurban gedən ayaqlar yeriməyə təpər, qaranlığa qərq olan gözlər isə illərdir, yollarda qalan gözlərə nur bəxş etdi. Vətənin hər tərəfindən gələn igid oğullar bir olub Vətəni bütövləşdirdi. Onların arasında Azərbaycanın qeyrət qalası Naxçıvanın da ər igidləri var idi. Onlar Naxçıvandan Qarabağa üz tutub başımızı uca etdilər. Kimi şəhidlik zirvəsinə ucalıb bayrağa sarılıb gəldi, kimisi də sağlamlığını torpağa qurban verib qayıtdı. Onlar Vətən savaşında bir olduqları kimi, qələbədən sonra da birlikdə olub “Birliyimiz əbədidir”, – deyərək “Naxçıvan Qaziləri” İctimai Birliyini yaradıb öz müqəddəs missiyalarını davam etdirdilər. 2023-cü ilin aprel ayından fəaliyyətə başlayan “Naxçıvan Qaziləri” İctimai Birliyi ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüş və yaralanmış hərbçiləri, şəhid ailələrini, müharibə veteranlarını birləşdirir. Məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir.
Naxçıvan qaziləri bir ildir ki, bir yumruq kimi birləşib şəhidlərin xatirəsini də yaşadırlar. Sağlamlığını Vətənə fəda edən bu oğullar birliyin ofisində “Şəhidlər” guşəsi yaradıblar. Həmin guşədə qəhrəman şəhidlərimizin fotoları, şəxsi əşyaları və onlar haqqında yazılan kitablar yer alır. Ofisə qədəm qoyan hər kəs igid Vətən oğullarının qəhrəmanlıqla dolu olan həyatlarından bəhs edən guşə ilə tanış olur, onlarla qürur duyur. “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisinin açılması bu sahədə fəaliyyətin daha səmərəli təşkilini təmin ediblər. İctimai birliklə sıx əməkdaşlıq müvafiq dövlət qurumlarının bu sahədəki fəaliyyətini daha da gücləndirir. Naxçıvan qaziləri ötən bir il ərzində bir çox mühüm tədbirlər keçirmişdir. Birliyə Vətən savaşında Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə sağlamlığını itirən Cehun Bayramov rəhbərlik edir. Sədr müavini Əli Əlisoy düşmənin 30 il “keçilməz” sədd adlandırdığı ohanyan xəttinin yarılmasında şücaət göstərmişdir. Ehtiyatda olan baş leytenant Əli Əlisoy təhsilini Naxçıvan Dövlət Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin Hüquqşünaslıq ixtisasında davam etdirir. Qazilərə hüquqi dəstək göstərir. 
Birliyin 135 nəfər qazi üzvü ilə birlikdə bütün tədbirlərdə fəal iştirak edən, Naxçıvan Muxtar Respublikasının təhsil ocaqlarının tələbələrindən olan 75 nəfərdən ibarət könüllülər dəstəsi də formalaşıb. Keçirilən bütün tədbirlərdə gənclər fəal iştirak edirlər. İndiyədək birliyin təşkilatçılığı ilə “Şəhid əmanəti” adlı rəsm sərgisi, “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı keçirilib. “Yaşa, Azərbaycan” adlı xeyriyyə konserti, birliyin yaranmasının birinci ildönümünə həsr olunmuş tədbir baş tutub. Qazilər mütəmadi olaraq keçirilən şəhidlərin anım tədbirlərində iştirak etməklə yanaşı, birliyin təşkilatçılığı ilə də tədbirlər təşkil edir, şəhid məzarlarını və ailələrini ziyarət edirlər, o cümlədən gənclərlə görüşlərdə fəallıq göstərirlər. 
Birliyin işinin daha da təkmilləşdirilməsi üçün qurumun tərkibində Vətən müharibəsi veteranları ilə iş üzrə şura da yaradılıb. Şuranın hazırda 85 üzvü var. Qeyd edək ki, şuraya 22 il Azərbaycan Silahlı Qüvvələrinin sıralarında cəbhə bölgəsində xidmət edən, hazırda ehtiyatda olan hərbi qulluqçu Malik Cəbiyev rəhbərlik edir. 
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qazilər və şəhid ailəsi üzvləri hər cür qayğı ilə əhatə olunub. Qazilərin avtomobil və mənzillə təmin edilməsi ilə yanaşı, onların sağlamlığının da qeydinə qalınır. Hər zaman Vətənin keşiyində dayanmağa, Vətən üçün can verməyə hazır olan gənclərimiz üçün hər bir şəhidin və qazinin döyüş yolu vətənpərvərlik məktəbidir. Onların qəhrəmanlığı qanla yazılmış bir igidlik dastanıdır. 

 Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 15.07.2024 16:06