AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində "Heydər Əliyev İli"nə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda tədbir keçirilib.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbirulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri polkovnik Şahin Mirzəyev 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olub, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər görüb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz isə bunu bir daha təsdiqləyib.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü”, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” və Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Qorxmaz Hacızadə “Azərbaycançılıq ideologiyası”  mövzularında çıxışlar ediblər.

Nəşr edilib : 18.02.2023 13:03