AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Vətəndaşların qəbulu otağı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün “Vətəndaşların qəbulu otağı” istifadəyə verilib.

“Şərq qapısı” xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov iştirak edib. Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan “Vətəndaşların qəbulu” altsistemi və qəbul otağında yaradılan şərait barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilova məlumat verib. Dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının Prezident cənab İlham Əliyevin islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O bildirib ki, DSMF-də müasir iş və xidmət prinsipləri əsasında yeni “Vətəndaş qəbulu otağı”nın yaradılması da bu məqsədə xidmət edən bir addımdır. Başlıca amil kimi, burada artıq “bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə vətəndaşlarla açıq iş şəraitində qəbul xidməti yaradılıb.

Qəbul otağı ilə tanış olan Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu sosial siaysətin Naxçıvan Muxtar Respublikasında da yüksələn xətlə davam və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin muxtar respublikada əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlamasını qeyd edən Baş nazir Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən xidmətlərin elektronlaşmasının və keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayaraq yaradılan bu cür qəbul otaqlarının əhəmiyyətini diqqətə çatdırıb. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, həftənin iş günləri ərzində 900-dan 1800-a kimi fəaliyyət göstərən qəbul otağında, ilk növbədə, vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbul otağında müraciət edən vətəndaşların rahatlıqlarının təmin edilməsi üçün oturacaqlar, növbə ardıcıllığını əks etdirən monitor və sağlamlıq imkanları məhdud şəxslərin qəbul zamanı rahat hərəkətlərini təmin etmək üçün zəruri xidmət vasitələri ilə təchiz edilmiş gözləmə zalı mövcuddur. Həmçinin müvafiq olaraq qəbul edilən müraciətlərin cavablandırılması üzrə xidmət masaları və fərdi qəbul otağı fəaliyyət göstərir. Eyni zamanda xidmət səviyyəsinin ölçülməsi məqsədilə video və səs qeydiyyatı aparılır.

Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri – əmək pensiyaları, sosial müavinət və təqaüdlər, maddi yardım, fərdi uçot və ünvanlı sosial yardım ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır. Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir.

Nəşr edilib : 30.07.2024 20:15