AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illiyi Ege dənizinin sahilində qeyd edilib

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev Türkiyənin İzmir vilayətinin Foça şəhərində keçirilən 3-cü Beynəlxalq Meddah və Masal Festivalında iştirak edib. 
Qeyd edək ki,  Egey dənizinin sahilində yerləşən qədim Foça şəhərində 5 gün davam edən festivalda Səməd Canbaxşiyev tamaşaçılar qarşısında  “Naxçıvan Muxtar Respublikası 100,  Azərbaycan və Türkiyənin diplomatik zəfəri” mövzusunda tarixi hekayə danışıb.
  Sonra qədim  amfiteatrda “Edama məhkumun son günü” tamaşasından bir hissəni, tanınmış aktyor, rejissor, pedaqoq, məddah Rasim Aşınla birlikdə “Kitabi-Dədə Qorqud”dan  “Dəli Domrul” boyunu improvizə olaraq bir tamaşa kimi izləyicilərə təqdim etmiş,  Foça Midilli Kültür Sənət Mərkəzində uşaqlar üçün oreqami üsulu ilə “Bir dəniz sahilində” nağılını danışıb və kağızın köməyi ilə nağılın necə hazırlanmasını  onlara öyrədib.    
Bildirilib ki, “Yarın dərnəyi və Həqiqət Məddahları” Birliyinin rəhbəri  məddah Mehmet Ümit Görgülünün rəhbərliyi ilə, Türkiyə Kültür və Turizm Nazirliyi, Foça Bələdiyyəsinin dəstəyi ilə keçirilən, Azərbaycan, Türkiyə və onlayın şəkildə  Yaponiyadan sənət adamlarının çıxış etdiyi tədbirin məqsədi qədim türk aktyor sənətinin bir növü olan məddahlığın və uşaqlar üçün nağıl anlatma ustalığının yenidən inkişafına  dəstək olmaqdır. Daha çox xalq arasında, geniş meydanlarda, insanların toplandığı müxtəlif məkanlarda öz bacarıqlarını sərgiləyən məddahlar həm də ilk türk milli teatrının aktyorları idilər. Yazıya alınmayan nağıllar, adı-bəhsi kitablarda keçməyən xalq qəhrəmanları, baməzə adamların hazırcavablığı bu sənət növünün əsas mövzusudur. Bir hekayəni, hadisəni  əlində olan əsa, başındakı papaq, boynundakı dəsmal və sairdən istifadə etməklə ustalıqla tamaşaçıya çatdırma bacarığı  istedad tələb edir. Türkiyədə bu sənət növü uzun illərdir ki, yaşadılır. Bir neçə il əvvəl isə türk xalqına məxsus olan qeyri-maddi miras kimi UNESCO-nun siyahısına salınıb və qorunur. 
Festival Türkiyənin kütləvi informasiya vasitələrində, yerli televiziyalar, agentliklərlə yanaşı, TRT xəbərdə  geniş şəkildə işıqlandırılıb.

Nəşr edilib : 13.08.2024 13:35