AZ EN RU

Naxçıvan Muxtar Respublikasında idarələrarası elektron informasiya mübadiləsi sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikasında rəqəmsal idarəçiliyin tətbiqini sürətləndirmək, dövlət orqanları (qurumları) arasında real vaxt rejimində və təhlükəsiz qaydada informasiya mübadiləsinin aparılmasını təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının  5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasında İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi (bundan sonra - Sistem) yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikasında İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Sistemin texniki infrastrukturunun qurulmasını 2024-cü ilin sonunadək başa çatdırsın;

4.2. Sistemin fəaliyyətinin təşkilini, idarə olunmasını, təhlükəsizliyini, təkmilləşdirilməsini və ondan səmərəli istifadəni təmin etsin;

4.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Sistemə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında Sistemin formalaşdırılması, aparılması və saxlanılması ilə bağlı maliyyə məsələlərini həll etsin.

6. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini: 

Naxçıvan şəhəri, 14 avqust 2024-cü il

Nəşr edilib : 14.08.2024 18:00