AZ EN RU

Naxçıvan Muxtar Respublikası “Yaşıl enerji” zonası kimi

Azərbaycan Respublikasının COP29 çərçivəsində apardığı çoxşaxəli istiqamətlərdən biri də “yaşıl enerji”ni ölkədaxili ərazilərdə daha da inkişaf etdirmək və Azərbaycanı bu sahədə lider ölkəyə çevirməkdir. Bərpa olunan və alternativ enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanda enerji sahəsində aparılan islahatlar üçün yeni eranın başlanğıcı hesab olunur. 2030-cu ilədək isə həmin enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Naxçıvan Muxtar Respublikası da böyük enerji potensialına malikdir və “yaşıl enerji”nin əsas mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib.

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən bərpa olunan və alternativ enerji mənbələrinin sayı da kifayət qədərdir. Bu enerji mənbələri külək, su və günəş elektrik stansiyaları olaraq kateqoriyalara bölünür. Əgər həmin elektrik stansiyalarını sıralasaq, muxtar respublika ərazisində Dövlət Energetika Xidmətinin istismar sahəsində alternativ və bərpa olunan enerji mənbələri üzrə 5 su elektrik stansiyası, 3 günəş elektrik stansiyası, 1 külək-günəş hibrid elektrik stansiyası və 1 külək elektrik stansiyası olduğunu görə bilərik. Birinci yerdə payladığı 22 meqavat gücə malik olan Araz Su Elektrik Stansiyası və eyni güclü Naxçıvan Günəş Elektrik Stansiyası dayanır. Daha sonra həmin siyahını 20,5 meqavat gücə malik Arpaçay-1 Su Elektrik Stansiyası və 20 meqavat güclü Biləv Su Elektrik stansiyası davam etdirir. Bunlardan başqa, muxtar respublika ərazisində 11 meqavat gücə malik Şərur Günəş Elektrik Stansiyası, 5 meqavat gücə sahib olan Kəngərli Günəş Elektrik Stansiyası, 4.5 meqavat güclü Heydər Əliyev Su Anbarı üzərində olan su elektrik stansiyası və 1.4 meqavat olan Arpaçay-2 Su Elektrik Stansiyaları fəaliyyət göstərir. Həmin siyahını 1.1 meqavat gücə sahib olan Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0.3 meqavat gücə malik olan Culfa Külək Elektrik Stansiyasının sonlandırdığını görə bilərik. Həmin enerji mənbələri Naxçıvan Muxtar Respublikası ərazisini, ümummilikdə, 107,8 meqavat elektriklə təmin edir.

Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikamızda ekoloji cəhətdən təmiz, bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən verilən məlumata görə, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində yeni müvafiq tədbirlər həyata keçirilir. Yuxarıda sadaladığımız bərpa olunan və alternativ enerji mənbələrinin davamı olaraq muxtar respublikanın Ordubad rayonunda 36 meqavat, Tivi kəndində isə 15,6 meqavat gücə malik olan yeni su elektrik stansiyalarının hazırda  inşası davam etdirilir. Bu gün bu sahədə əsas istiqamət mütəxəssislərin alternativ, davamlı enerji haqqında ətraflı anlayışa və geniş məlumata sahib olması, həmçinin alternativ enerji mənbələrinin müxtəlif növləri, o cümlədən hər bir alternativ enerji mənbəyinin güclü və zəif cəhətlərinin təhlili və texnologiya məsələlərinin həllidir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası çərçivəsində muxtar respublikada yaşıl enerji konsepsiyasının tətbiqi, alternativ və bərpa olunan enerji mənbələrinin layihələndirilməsi və yaradılması, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində hamiliyə götürülən aidiyyəti fakültələrdə tədrisi və təşviqi həyata keçirilib, mühazirələr oxunub. Enerji istehsalının atmosferə atılan karbon emissiyasının təsirinin azaldılması, yaşıllıq zonalarının artırılması məqsədilə Dövlət Energetika Xidməti və Xidmətin struktur bölmələrində olan ərazilərdə 1900 ədəd müxtəlif ağac və kol tingləri əkilib. 2024-cü il ərzində elektrik enerjisinin istehsalında alternativ və bərpa olunan enerji mənbələri daha üstünlük təşkil edib, istehsal faizi artıb.

Bu ilin noyabr ayında ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29-a ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi Konfransının Azərbaycanda keçirilməsi  onun dünya qarşısında sərgilədiyi sarsılmaz nüfuzun göstəricisidir və bütün dünyanın diqqətini cəlb edən bu konfrans ölkəmizin, eləcə də muxtar respublikamızın “yaşıl gələcəyi” üçün uğurlu olacaq.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 04.07.2024 14:02