AZ EN RU

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin məlumatı

Məlum olduğu kimi, 1 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası seçkinin təşkili və keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirləri görür. Lakin bəzi informasiya saytları qanunvericiliyin tələblərinə əməl etmədən həqiqətə uyğun olmayan məlumatlar yayır, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə dairələr üzrə qeydə alınmış namizədlərin siyahısının Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilməməsini “seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətdən gizlədilməsi” kimi dəyərləndirir və qanunun tələbinin pozulması kimi ictimaiyyətə çatdırırlar. 
Bildiririk ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təşkili və keçirilməsi “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında”Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. Həmin qanunun 56.10-cu maddəsinə əsasən qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 14 gün qalmış (avqustun 18-dək) Mərkəzi Seçki Komissiyası tərəfindən dövri nəşrlərdə dərc edilir. Bu barədə məlumat eyni zamanda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının “Təqvim plan”da da qeyd edilmiş, son tarix dəqiq olaraq göstərilmişdir. Qeyd edilən “Təqvim planı” “Şərq qapısı” qəzetində dərc edilmiş,  eyni zamanda Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilmişdir.Yəni qanunvericiliyə uyğun olaraq namizədlərin siyahısı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının saytında yerləşdiriləcək və dövri nəşrlərdə dərc ediləcəkdir. 
Media nümayəndələrinə daha diqqətli olmağı tövsiyyə edirik.

Nəşr edilib : 14.08.2024 13:02