AZ EN RU

Naxçıvan Muxtar Respublikası beynəlxalq konfransda uğurla təmsil edilib

    20-22 oktyabr 2022-ci il tarixlərdə Türkiyə Respublikasının Kocaeli Universitetində Anadolu Elmlər Akademiyası, Beykoz və Kocaeli universitetlərinin, Kocaeli Böyükşəhər Bələdiyyəsi və Kartəpə Bələdiyyəsi ilə birgə hibrid model əsasında “5-ci Beynəlxalq turizm, iqtisadiyyat, biznes  elmləri konfransı” (ICTEBS) keçirilib.

   Konfransın məqsədi turizm, biznes və iqtisadiyyat mövzuları ilə bağlı akademikləri və tədqiqatçıları bir araya gətirmək, elmi biliklərin paylaşılması və müzakirə edilməsi, akademik dünya ilə qarşılıqlı əlaqə imkanı yaratmaqdır. Konfransın Elmi Şurasının üzvü olan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazir­liyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova ölkəmizi yeganə nümayəndə kimi təmsil edib. İki gün ərzində müxtəlif ölkələrdən 100-dən artıq iştirakçının olduğu  konfransda Mehriban İmanovanın “Azərbaycanın mühasibat sistemi və dövlət sektorunda uçotun təşkili” adlı məruzəsi dinlənilib. Məruzədə  qloballaşmanın hər sahədə olduğu kimi, mühasibat və maliyyə hesabatlarının da beynəlxalq standartlara uyğunlaşmasına ehtiyac yaratması vurğulanıb. Həmçinin Azərbaycanda mühasibat uçotu sahəsində mühüm islahatların aparılması, qəbul edilən mühüm hüquqi tənzimləmələrin ölkə iqtisadiyyatına investisiya axınının artması və maliyyə resurslarından səmərəli istifadəyə şərait yaratması haqqında məlumat verilib. Qeyd edilib ki, dövlət sektorunda şəffaf maliyyə hesabatlarının hazırlanması məqsədilə ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının qəbulu mühüm zərurətə çevrilib. Məruzəçi bu istiqamətlərdə görülən işlərlə bağlı məlumat verilib, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tanıtım videosu izlənilib.
    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təmsilçisinə sertifikat və plaket təqdim olunub. Konfransın sədri, Beykoz Universitetinin professoru Suavi Ahipaşaoğluna və təşkilatçılara Naxçıvanı tərənnüm edən hədiyyələr verilib, gələcək layihələr müzakirə edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.10.2022 19:53