AZ EN RU

Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planı turizm sənayesi nümayəndələri ilə müzakirə olunub

Bu gün Ordubad rayonunda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq hazırlanmış Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının maraqlı tərəflərlə müzakirəsi aparılıb.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Azərbaycan Turizm Bürosunun, Birləşmiş Millətlərin İnkişaf Proqramının (UNDP) əməkdaşları və muxtar respublikanın turizm sənayesinin aparıcı nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulamış, bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da Dövlət Proqramının prioritetləri sırasında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd olunub ki, müvafiq bəndin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birgə kompleks iş aparıb, ayrı-ayrı vaxtlarda onlayn görüşlər və muxtar respublikaya səfərlər həyata keçirilib.
Vurğulanıb ki, inkişaf planın hazırlanmasında istifadə edilməsi üçün muxtar respublikanın turizm destinasiyalarının qiymətləndirilməsi aparılıb, həmçinin hotel və restoranlar üzrə “Təlim ehtiyacları sorğusu” keçirilib, nəticələri haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edilib. Bunlarla yanaşı, qarşılıqlı fikir mübadiləsi əsasında muxtar respublika üzrə Şahbuz, Şərur-Kəngərli, Culfa-Ordubad rayonlarının və Naxçıvan şəhərinin müəyyən ərazilərini əhatə edən turizm klasterləri formalaşdırılıb.
Sonra Azərbaycan Turizm Bürosunun əməkdaşı tərəfindən slayd vasitəsilə inkişaf planı tədbir iştirakçılarına təqdim olunaraq şərh edilib.
İnkişaf planının təkmilləşdirilməsi, özəl sektor nümayəndələrinin maraqlarının təmin olunması, çatışmazlıqların aradan qaldırılması, çətinliklərin həll yolunun birgə müəyyən edilməsi, təkliflərin dinlənilməsi və digər məqsədləri özündə ehtiva edən müzakirələr zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müzakirə olunan mövzu ətrafında Birləşmiş Millətlərin İnkişaf Proqramının layihə rəhbəri Fərid Əliyev, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin böyük məsləhətçi Kənan Salamzadə, Azərbaycan Turizm Bürosunun mütəxəssisi Simran Hacəliyev, Azərbaycan Turizm Bürosunun eksperti Donald Taylorun çıxışları dinlənilib.
Qeyd edək ki, Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının maraqlı tərəflərlə müzakirəsi növbəti günlərdə müvafiq olaraq Şahbuz rayonunda və Naxçıvan şəhərində aparılacaqdır.

Əli CABBAROV

Nəşr edilib : 06.08.2024 16:58