AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Kembric Tədris proqramı" mövzusunda təlim keçilib

Təlim Bakıda Britaniya məktəbində Təlim və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan, "Cambridge" və "Pearson" imtahan mərkəzlərinin koordinatoru Günel Xanlarova tərəfindən keçilib.
“Şərq qapısı” xəbər verir ki, riyaziyyat, təbiət elmləri, ingilis dili fənləri olmaqla, 15 nəfərin iştirak etdiyi təlimdə Kembric Tədris proqramının əsasları 2 gün müddətində iştirakçılara tədris olunub. 2024-2025-ci tədris ilində ənənəvi metodlardan fərqli şəkildə tərtib edilən proqramda dəyərləndirmə metodları, dərsin planlanması, şagird, valideyn, müəllim münasibətlərinin tənzimlənməsi, tədris müddətində istifadə olunacaq resursların effektiv tətbiqi öyrədilib. 
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində sentyabrdan etibarən 1-ci və 6-cı siniflər üçün Kembric Beynəlxalq Təhsil Proqramı əsasında tədris həyata keçiriləcək. 
Məlumat üçün bildirək ki, Kembric Proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır. Tədrisi yalnız ingilis dilində həyata keçirilən Kembric Proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər ingilis dili ilə yanaşı, modern dünya dillərindən ən az birinə mükəmməl şəkildə yiyələnir.
Sonda iştirakçılara Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi tərəfindən “Kembric Tədris Proqramının əsasları” mövzusunda keçilən təlimdə  sertifikatlar təqdim olunub.

Nəşr edilib : 09.08.2024 17:27