AZ EN RU

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi reallaşıb

Naxçıvan Dövlət Universiteti magistrantının “Sosial kommunikasiya vərdişlərinin inkişaf etdirilməsinə dair “Gələcəyə inam” layihəsinin hesabat tədbiri keçirilib. Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin magistrantının layihə rəhbəri olduğu tədbiri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına hesablanan addım kimi dəyərləndirib. Rektor tələbələrin müstəqil formada tədbirlərin təşkil edilməsini yüksək qiymətləndirib, bunun davamlı olacağına əminliyini bildirib və layihənin işinə uğurlar diləyib.

Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev magistrant və doktorantların mütəmadi olaraq məqalə və layihələrinin nüfuzlu nəşrlərdə işıqlanmasının davamlı hal aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, aidiyyatı qurumlarla birgə iş nəticəsində ərsəyə gələn tədbir də bu işlərin bariz nümunəsidir.

Layihə rəhbəri, universitetin “Musiqi fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə II kurs magistrantı Lətifə Quliyeva qeyd edib ki, dissertasiya işi əsasında dərsdənkənar musiqi fəaliyyətində sağlamlıq imkanları məhdud uşaqların sosial kommunikasiya vərdişlərinin inkişaf etdirilməsinin diqqətdə saxlanılması, onların kollektivə uyğunlaşması, eyni zamanda cəmiyyətə inteqrasiyası üçün zəmin yaradır. Lətifə Quliyeva yaradılan şəraitə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində “Ümid” qrupunun müşayəti ilə Qarabağ kompozisiyası, “Xudayar təsnifi”, “Naxçıvan təranələri”, “Əhsəni” rəqsi, “Dilbərim”, “Yaşa mənim xalqım” və “Naxçıvan”  mahnıları, “Zəfər rəqsi” və bir sıra ifalar tədbir iştirakçılarına xoş təəssürat bağışlayıb.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin istedadlı uşaq və gənclərinə təşəkkürnamə verilib.

Fəxriyyə SƏYYADOVA

Nəşr edilib : 05.07.2024 16:45