AZ EN RU

Naxçıvan Dövlət Universitetində elmi müşavirə keçirilib

    Naxçıvan Dövlət Universitetində keçirilən elmi müşavirədə universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universitetin bugünkü inkişafını istər beynəlxalq əməkdaşlığın davamlılığında ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar. Təsadüfi deyil ki, bu il Naxçıvan Dövlət Universiteti (1001+) Böyük Britaniyanın “Times Higher Education Impact Rankings-2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb. 
    Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından da danışaraq vurğulayıb ki, bu il İT sahəsi üzrə nəhəng şirkət olan IBM və “Robotex Türkiyə” ilə əldə olunan əməkdaşlıq nəticəsində universitetin texnologiya həllərinə çıxış imkanlarının artırılmasına, innovasiya yönümlü layihələrin dəstəklənməsinə və inkişaf etdirilməsinə, strateji problemlərə uyğunlaşdırılmış ixtisaslı kadrların yetişdirilməsinə töhfə verəcək. 
    Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər sosial-iqtisadi inkişafı ilə əlaqədar təsdiq olunan Dövlət Proqramında universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icrası nəzərdə tutulub. Proqramın səmərəli icrası nəticəsində bütün uğurlarla yanaşı, eyni zamanda ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, həmçinin universitetlərdə SABAH, ingilisdilli Tibb fakültəsi, tibbi tədqiqat klinikası kimi yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsi də mümkün olacaq. 
    Müşavirədə Elm və İnnovasiyalar üzrə prorektor Elsevər Əsədov universitetin elmi fəaliyyət strategiyası, Elm və İnnovasiyalar bölməsinin müdiri Elnarə Allahverdiyeva çıxış edərək “Times Higher Education Impact Rankings” (THE) reytinq cədvəli haqqında geniş məlumat veriblər.
    Sonda Web of Science, Scopus indeks bazalarında məqalə nəşr etdirən və məqalələrinə istinad sayı çox olan müəlliflərə plaket təqdim olunub. Beynəlxalq elmi bazalarda məqalə nəşr etdirən digər müəllimlər isə diplom ilə təltif ediliblər.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

Nəşr edilib : 14.07.2023 10:39