AZ EN RU

Naxçıvan Dövlət Universitetində “100 illik muxtariyyətin ədliyyə yolu” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən silsilə tədbirlər keçirilir. Növbəti tədbir mayın 15-də Naxçıvan Dövlət Universitetində “100 illik muxtariyyətin ədliyyə yolu” mövzusuna həsr edilib. Ədliyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin əməkdaşları, universitetin pedeqoji heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquqşünaslıq fakültəsinin dekanı, dosent Yusif Hüseynov açaraq tədbirin mahiyyətinə toxunub, muxtariyyətin hüquq mühafizə orqanlarından olan Ədliyyə Nazirliyinin əhəmiyyətindən bəhs edib.

Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, dosent Şamxal Məmmədov, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbsəinin rəis müavini Ələkbər Hüseynov və şöbənin əməkdaşları Həbibə Əliyeva və Nuranə Kərimova çıxış ediblər. Çıxışlarda “Naxçıvan muxtariyyətinin beynəlxalq statusu” “Muxtariyyətin Heydər Əliyev dövrü”, “Muxtariyyət tarixinin ədliyyə sahəsi ilə bağlı hüquqi aktları” və “Muxtar respublikanın müasir ədliyyə sisteminin inkişafında İlham Əliyev” mövzuları dinlənilib.  Muxtariyyət tarixinə nəzər salaraq vurğulanıb ki, 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən 2 mühüm beynəlxalq sənəd - Moskva və Qars müqavilələri imzalanıb, muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub. 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan diyarı Naxçıvan MSSR-ə çevrilib. Ümummilli Liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Naxçıvanı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib. Onun siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib.

Nazirliyin əməkdaşları muxtariyyət tarixinin ədliyyə yoluna nəzər salıb, ötən 100 il ərzində nazirliyin keşməkeşli tarixindən bəhs ediblər. Müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Ədliyyə Nazirliyinin fəaliyyətinə verdiyi töhfələr və qəbul edilən hüquqi aktlardan danışıblar. Qeyd olunub ki, bu gün beynəlxalq müstəvidə təcrübə kimi istifadə olunan Azərbaycan ədliyyəsinin praktikası dövlət başçısı İlham Əliyevin apardığı modern və balanslaşdırılmış siyasətin, elmə və biliyə verilən qiymətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də ölkədə aparılan islahatlar muxtar respublikada da uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

Nəşr edilib : 17.05.2024 17:50