AZ EN RU

Naxçıvan Cümhuriyyətində xalq maarifi

Tarix öz axarındadır. Bu axarı dəyişmək qüdrəti zamanla bağlıdır. İstər sakit axar, istərsə də tarixi təlatümlərə, burulğanlara qərq edər. İnsanlıq tarixi də belədir. Keçmişin səhifələrini vərəqlədikcə yaşadığımız bütün hadisələrin fövqündə zamanın hökmünün dayandığını hiss edirik.

Azərbaycan xalqının tarixində zamanın hökmü sərt, həm də faciələrlə dolu olmuş, qurulmuş dövlətlərimiz dağıdılmış, yazımız, əlifbamız, milli dəyərlərimiz dəyişdirilmiş, repressiyalara, soyqırımlara məruz qalmış, qiymətli tarixi irslərimiz zaman-zaman yerlə yeksan edilmiş, lakin xalqımız zamanın sərt hökmünə dözmüş, mübarizə aparmış, gah məğlub, sonunda qalib olmuşdur.

XX əsrin əvvələrinədək jandarma Rusiyasının Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda apardığı müstəmləkəçilik siyasəti sayəsində ölkə  iqtisadi-mədəni cəhətcə geridə qalmış, xalq maarifi, təhsil sahəsi bərbad vəziyyətə düşmüşdür. Mütləqiyyətin Azərbaycan xalq maarifi sahəsində tətbiq etdiyi müstəmləkəçilik siyasətinin ana xətti və əsas hədəfləri xalqı təhsildən, maarifdən uzaqlaşdırmaq, “civar ölkə” xalqları kimi itaətdə, mümkün dərəcədə cəhalət içərisində saxlamaqdan ibarət idi. Ötən əsrin 30-cu illərinin mətbuat səhifələri araşdırılarkən mütləqiyyətin xalq maarifinə olan münasibətinə dair maraqlı faktlara rast gəlinir. Rusiya İmperatriçası II Yekaterinanın dostu qraf Saltıkova yazdığı məhrəmanə məktubda fikirlərini belə ifadə edir: “Qara camaata elm öyrətmək lazım deyil, əgər onlar sənin və mənim qədər savadlı olarlarsa, gələcəkdə bizə indiki halda olduğu kimi, itaət edib tabe olmazlar”.

Neçə əsrlər bundan əvvəl general qubernatorların maarif nəzarətinə müraciətində “məktəblərimiz boş qalmış, nə etməli və nə kimi ölçülər götürməli?” sualına nəzarət tərəfindən: “məktəblərimizin boş qalmasından təlaş edərək o qədər də heyfslənməyiniz, biz məktəbləri Rusiya üçün deyil, Avropa üçün açırıq ki, onlar bizi barbar-vəhşi zənn etməsinlər. Əgər bütün xalq maariflənərsə nə siz, nə də biz hökmranlığımızı uzun müddət saxlaya bilməriz”, – deyə cavab göndərilmişdir.

Maarif naziri D.Talustoy da həmin məsələ barədə bu fikirdə idi. “...əlbəttə bizim vətənimiz daxilində yaşayan bütün “qeyri-rus” xalqlarının tərbiyə və təhsilindən məqsəd, şübhəsiz ki, onları ruslaşdırma və rus millətinə qarışdırma olmalıdır”.

Çar hökuməti müstəmləkəçilik siyasətini Azərbaycan istilasının birinci günlərindən etibarən tətbiq etməyə başlamışdır.

Azərbaycanı xarabazara döndərən general Tsitsyanov hələ burada tamamilə yerləşmədən  (1803) belə bir əmr vermişdir: “hər kənddə bir məscid tikməli, 3 molla dəvət etməli və hər məscidin nəzdində bir məktəb açılmalıdır. Bu məktəblərdə rus dili tədris edilməlidir”.

Admiral Morvinov isə 1810-cu ildə “burada yaşayan vəhşilərin sərt əxlaq və adətlərini yumşaltmaq” üçün “məğlub Qafqaz  xalqlarının şüurlarını dəyişdirmək” üsullarını sayaraq bu prosesi arzuolunan istiqamətə sövq etməkdən ötrü ən əmin çarə olaraq burada müstəmləkə məktəblərinin təsis edilməsini” lazım görmüşdür. Raportun sonunda isə deyilir:..  “və o zaman nəinki onlarla dostlaşarıq, bəlkə, bizim süngü və mərmilərimizin heç zaman yetişməyəcəyi xəzinəli dağlarının təpələrinə qədər çatarıq”.

Azərbaycan istila edildikdən 10 il sonra tədricən aşağıdakı məktəblər açıla bilmişdir. 1830-cu ildə Şuşada, 1831-ci ildə Şəkidə, 1832-ci ildə Bakıda, 1833-cü ildə Gəncədə, 1837-ci ildə Naxçıvanda, 1838-ci ildə Şamaxıda məktəblər açılır. XIX əsrin ortalarında Çar hökuməti yerli xalqları ruslaşdırmaq məqsədilə açdığı bu məktəblərlə müvafiq olaraq məhz Azərbaycan xalqı qarşısında antoqonizm və nifaq salmaq, millətlər və hətta dinlər arasında fitnə və düşmənçilik salmaq məqsədilə Gəncə, Şəki, Şuşa, Şamaxı və Bakı kimi şəhərlərdə “Əli”, “Ömər” (sünni, şiə) məktəbləri açmışdır. Çar hökuməti həmin müddətdə Azərbaycan xalq maarifinə bir qara qəpik belə buraxmamışdır. 1830-cu ildə ilk dəfə olaraq üç min səkkiz yüz manatdan ibarət bir büdcə təxsis etmişdir.

Qəribə burasıdır ki, 1901-1903-cü illərdə “Zaqafqaziya Zemstvo təsərrüfatı” öz büdcəsində xalq maarifinə 12 min 324 manat, yəni ümumi büdcənin 3,06 faizni təxsis etmişdir. Polis təşkilatına isə 2 milyon 361 min 460 manat, yəni büdcənin 59,5 faizini buraxmışdır.

Bu surətlə polis təşkilatına edilən məxaric xalq maarifinə olunan məxaricdən 55,44 faiz, yaxud 18 dəfə artıq edilmişdir.

Bir sözlə, XIX əsrin axırıncı illərinədək ölkədə məktəb əvəzinə bir neçə mədrəsə var idi. Bunlar, adətən, rütubətli, qaranlıq daxmalarda və bəzən məscid hücrələrində yerləşərək bunlarda onlarca azyaşlı zəif inkişaf etmiş uşaqlar Quran və şəriət dərsi oxumağa məcbur edilir, bu da onları zehni inkişafdan geri salırdı. Naxçıvan qəza rəisi İrəvan qubernatoruna göndərdiyi 1896-cı il 8 iyul tarixli 3642 №-li məruzəsində yazır ki, “zehni və cismani cəhətcə hələ möhkəmlənməmiş müsəlman cocuğu hər bir şeyə yəni hökumət tələbatına laqeyd və fatalistcəsinə yanaşır”.

İlk dəfə 1896-cı ildə Naxçıvan şəhərində əhalidən yığılmış 350 manat hesabına  rus-türk məktəbi təşkil olunmuşdur. Bu məktəbin açılmasına icazə almaq üçün qəza rəisinin raportu və qubernatorun vəsatətinə Qafqaziya dairəsinin dəftərxana müdiri belə cavab verir: “Siz, Alicənabın vəsatəti və cənab Naxçıvan qəza rəisinin raportundan Naxçıvan məktəbində hansı fənlərdən dərs veriləcəyi görülməyir. 1893-cü il “Qanunlar külliyyatı”nın ikinci hissəsinin 3557 və 3558-ci maddələri üzrə ibtidai məktəbdə elm-ilahi, oxumaq və yazmaq (rus dilində), oxumaq-yazmaq (yerli dildə), riyaziyyat predmetlərindən dərs keçməlidir. İkinci və dördüncü maddələrdə göstərilən fənnlər rus dilində aparılmalıdır. Buradaca dəftərxana rəisi aşağıda göstərilən dərs planını qeyd edir: 1-ci şöbə (1 və 2-ci sinifdir) elm-ilahi – 5 saat, rus dili – 5 saat, türk dili – 6 saat, riyaziyyat – 5 saat cəmisi 21 saat, ikinci şöbə: (3-4-cü siniflər) elm-ilahi 5 saat, rus dili-6 saat, türk dili – 5 saat, riyaziyyat – 5 saat, cəmisi 21 saat təşkil edirdi.

Dərs planının xarakterik cəhəti ondan ibarətdir ki, burada riyaziyyatdan başqa fənn yoxdur. İkinci şöbədə rus dili dərslərinin saatlarını artırmaq hesabına türk dili dərslərinin saatları əksilir, elm-ilahi dərsi isə dəyişiksiz qalır.

Naxçıvan qəza rəisi məktəbdə inqilabi əhvali-ruhiyyənin əmələ gəlməsinə imkan verməmək, Çar Rusiyasının məktəb  işi sahəsindəki siyasətini möhkəmlətmək və sinfi marağı gözləmək üçün fəxri nəzarətçi və gözətçilik vəzifəsinə yerli xanlardan, bilikli və dövlətli şəxslərdən namizəd irəli sürürdü. Təyin olunanlar hər il məktəbə müəyyən məbləğ para verməli idi.

Qəza rəisi İrəvan qubernatoru adına göndərdiyi raportunda yazırdı: “Sizin 1896-cı il 17 avqust tarixli 2944 nömrəli təklifinizə əsasən bununla bərabər Qafqaziya təhsil dairəsinin popeçitelinin (dəftərxana rəisinin) 20-22 avqust tarixli 7206 nömrəli təliqəsini və həmin təliqə ilə göndərilmiş hər ildə 100 manat vermək şərtilə Naxçıvan məktəbinin fəxri nəzarətçisi vəzifəsini qəbul etməyə razı olan mənə inanılmış polis idarəsinin 9-cu dərəcə çinovniki Bəhram xan Naxçıvanskinin ərizəsini təqdim edərək iltimas edirəm ki, onu həmin məktəbə fəxri nəzarətçi və Cəfər Qulu xan Naxçıvanskinin fəxri gözətçi təyin edilməsi haqqında lazımi sərəncam buyurasınız”. Qeyd etmək lazımdır ki, monarxiyanı müdafiə etmək üçün göstərilən şəxslərə xüsusi vəzifələr həvalə olunurdu. 1917-ci ildə Naxçıvan ölkəsində 65 sinfi olan 27 məktəb var idi. Bu məktəblərdə 2540 şagird və 45 müəllim var idi. 1897-ci ilin əhali siyahısı üzrə İrəvan quberniyasında savadlı türklərin (azərbaycanlılar) miqdarı ümum türk əhalisinə nisbətən 2,3 faizini təşkil edirdi. Naxçıvan ölkəsi elə bir vəziyyətə salınmışdır ki,  az qala quberniyanın ən geridə qalmış qəzalarından birinə çevrilsin. 1915-ci ildə bu quberniyada hər tipli məktəblər, xüsusi və “ictimai” məktəblər daxil olmaq şərtilə məktəbyaşlı cocuqların yalnız 12,3 faizini əhatə edirdi. Qeyd etmək lazımdır ki, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Xalq Cümhuriyyəti dövründə çar hökumətindən irs qalmış molla məktəbləri ləğv olundu. Dindar müəllimlər dövrün onlara üz döndərəcəyi günü gözləmək üçün qaçıb gizləndilər. AXC hökümətinin məktəblərə olan əlaqəsini nümayiş etdirmək üçün bir fakta nəzər yetirmək  kifayətdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən verilmiş 1918-ci il 16 oktyabr tarixli dekretdə deyilir ki: “bütün dövlət ictimai xüsusi məktəb müəssisələrində, sabiq maarif komissarının (Bakı komunarının) işçi, kəndli və saldat deputatları izvestiyasının 87-ci nömrəsində elan olunmuş qərarı ilə şəriət dərsi müəllimi vəzifəsi cari ilin oktyabr ayının 1-dən ləğv edilir. Maarif naziri Usub bəy Nəsibbəyov”.

 “Xalq məktəbləri” direksiyasının sərəncamında yazılır: Cari dərs ilindən çalışa bilməyəcək məktəblərin müəllimləri bu il oktyabr ayının 15-dən vəzifələrindən xaric olunurlar. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti çar hakimiyyəti dövründə dindarlaşmış müəllimləri təhsildən uzaqlaşdırılmaqla böyüməkdə olan gənc nəslin, təlim və tərbiyəsi istiqamətində lazımi tədbirlərin görülməsi missiyasını öz üzərinə götürür.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet kommunist firqəsinin hakimiyyətə başlaması ilə Naxçıvan ölkəsində digər sahələrdə olduğu kimi təhsil, maarif sahəsində dəmüəyyən “gözqamaşdırıcı” tədbirlər həyata keçirilməyə başlandı.

Təsərrüfat və təşkilat cəhətcə möhkəmlənmiş kolxozlar, sovxozlar, MTS, inkişaf etməkdə olan yerli sənaye (kimyəvi mədənlər, ipək zavodları, duz mədənləri, konserva və şərab zavodları) Ümumittifaq kükürd yataqları, bütün dünya əhəmiyyəti olan bir çox su mənbələri, şəhər abadlıq işləri, yeni tikilmiş məktəb və sair binaları, siyasi maarif məktəbləri və müalicəxanaların məktəbəqədər tərbiyə müəssisələri, böyük müxtəliftipli texnikumlar (tibbi, pedaqoji, maldarlıq texnikumları) şura firqə məktəbi, kommunist ali məktəb və ilaxır Naxçıvan ölkəsinin görkəminə nisbətən təsir edir, dəyişir.

Həmçinin təhsil və maarif sahəsi ilə əlaqədar məktəbəqədər tərbiyə işləri, məktəbyaşlı uşaqların məktəblərə cəlb edilməsi, kadr hazırlığı, qadınlar arasında iş, siyasi maarif işləri, incəsənət sahəsi ilə əlaqədar müxtəlif tədbirlərin həyata keçirilməsi istiqmətində nəzərəçarpacaq işlər görülməyə başlanılır. Ötən əsrin 30-cu illərində Naxçıvanda ümumi icbari təhsil yüz faiz tətbiq edilməyə başlanılır. Əgər 1915-ci ildə Naxçıvan ölkəsinin ərazisində məktəbyaşlı uşaqların 12,3 faizi məktəbə cəlb olunmuşdursa, 1936-cı dərs ilində cəlb olunanların 8 min 300 nəfəri türk qızları (azərbaycanlı) olmaqla, 21 min 95 nəfər məktəbyaşlı uşaqlar məktəbə cəlb olunmuşdular. 30-cu illərdə Naxçıvan ölkəsinin maarif sahəsinin qarşısında həm də müəllim hazırlığı kimi xüsusi və siyasi əhəmiyyətə malik bir vəzifə dururdu. Belə ki, 1921-ci ildə 58 məktəbdə simasını gizləyərək çalışan ruhanilərdən, alverçilərdən və az savadlı şəxslərdən ibarət olan 78 nəfər müəllim ali və orta savadlı müəllimlər ilə əvəz edildi.

Əgər 1931-ci ildə 7 nəfər ali təhsilli, 103 nəfər orta təhsilli və 167 nəfər aşağı orta təhsilli (cəmisi 272 nəfər) müəllim var idisə, 1935-ci ildə 39 ali, 22 nəfər yüksək orta, 397 nəfər orta və 44 nəfər aşağı savadlı (cəmi 502 nəfər) müəllim var idi.

Yay aylarında uşaqların sağlamlığını möhkəmləndirmək, tarlalarda çalışan qadınların uşaqlarını tərbiyələndirmək məqsədilə Naxçıvan və Noraşen pambıq rayonlarında 1980 nəfər uşağı əhatə edən 96 uşaq bağçası, əlavə olaraq 12 daimi və 2 nümunəvi uşaq bağçası təşkil edilmişdir. Uşaq bağçalarını və meydançalarını hazırlıqlı kadrlar ilə təmin etmək üçün 1935-ci ildə xüsusi kurslar vasitəsilə mütəxəssis işçilər hazırlanmışdır. Bu kadrlardan 60 nəfəri türk kolxozçu qadınlar idi.

30-cu illərdə qarşıda duran məsələlərdən biri də Naxçıvan Sosialist Şura Cümhuriyyətinin xalq maarifi sistemində ən çətin problem qadınlar arasında mədəni işləri genişləndirmək, onları savadlandırmaqdan ibarət idi.

Bu sahədə Naxçıvan Türk Qadınları Sarayı böyük və əhəmiyyətli rol oynamışdır. Bu mədəni ocaq minlərlə qadınların savadsızlıqlarını mədəni və siyasi cəhətcə ictimai həyata qoşulmasına şərait yaratmış, çoxlu qadınlar ictimai təşkilatlarda məsul vəzifələrə, o cümlədən maarif xalq komissarı müavini, Zaqs müdiri, xalq hakimi katibi, kənd şura sədri, tibb, müəllimi, kolxoz briqadiri, Maarif Xalq Komissarlığı şöbəsinin müdiri və sair. vəzifələrdə çalışmağa başlayırlar.

Mədəniyyət sarayının təcrübəsini nəzərə alaraq Naxçıvan Maarif Xalq Komisarlığı Ordubad, Başnoraşen, Nehrəm, Aza, Bənəniyar, Şahbuz rayonlarında da qadınlar sarayını təşkil etmiş, bu istiqmətdə kəndlərdə də müəyyən  tədbirlər görülməyə başlanılır.

Siyasi maarif işləri ilə əlaqədar 1930-cu illərdə 79 mindən artıq adamlar arasında savadsızlıq ləğv edilmiş, yaşlılara məxsus 484 məktəb təşkil edilmiş, əhali arasında siyasi maarifləndirmə işləri genişləndirilmişdir. Həmçinin Naxçıvanda 40 min cildə malik olan mərkəzi kitabxana, 5 rayon kitabxanaları, 1 uşaq kitabxanası, mədəniyyət evi, 5 nümunəvi qiraətxana, 3 adi qiraətxana fəaliyyət göstərirdi.

Naxçıvan ölkəsinin mədəniyyət, incəsənət həyatına nəzər saldıqda isə 1935-ci ildə Naxçıvan tetarının 40 illiyinin bayram edilməsi ilə bağlı geniş tədbirlər hazırlanırdı. Bu teatr 1894-cü ildə M.Tağı Sidqinin təşəbbüsü ilə təşkil olunmuş, 1920-ci ilədək teatrda yerli həvəskarlar çalışmışlar. Ötən əsrin mənbələri araşdırılarkən məlum olur ki, teatra maddi və mənəvi dəstək zəif olmuş, teatr ruhanilər, dindarlar və hakim ünsürlər tərəfindən təqib olunmuşdur. Şuralaşmadan sonra Naxçıvan teatrı dövlət teatrına çevrilərək dövlət büdcəsi ilə təmin olunmuş və fəaliyyəti genişləndirilmişdir. Yarandığı vaxtdan etibarən tamaşaya qoyulan pyeslərdəki qadın rollarını ifa etməyə aktrisaların tapılmasında çətinliklər mövcud olsa da, 30-cu illərdə artıq on nəfərədək xüsusi təhsilə malik olan aktrisa və kafi qədər hazırlıqlı olan aktyorlar çalışırdılar.

Beləliklə, tarixin sonrakı səhifələrində xalqın qarşısında Naxçıvan ölkəsini Şərqin qapısında ellikcə savadlı, mədəni və nümunəvi bir ölkəyə çevirmək vəzifəsi dayanırdı.

Nəzakət ƏSƏDOVA

 “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və

 Açıq   Səma   Altında   Muzey   Kompleksinin direktoru,

  Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 06.08.2024 14:24