AZ EN RU

Muxtariyyətin 100 illiyinə ali təhsil ocağının töhfəsi

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq əsərlərindən biri olan “O olmasın, bu olsun” musiqili komediyası Naxçıvan Dövlət Milli Dram Teatrında nümayiş edilib. Komediya peşəkar teatr kollektivi tərəfindən deyil, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri tərəfindən səhnələşdirilib. Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. 
Musiqili komediyanın bədii rəhbəri və quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərovu redaksiyamıza dəvət etdik bu böyük uğura görə təbriklərimizi ona çatdırdıq. Mübariz müəllim bildirdi ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümü münasibətilə təqdim etdikləri bu tamaşaya böyük həvəslə hazırlaşıblar. Çünki Naxçıvan teatr səhnəsində 30 ildən çoxdur ki, “O olmasın, bu olsun” tamaşaya qoyulmamışdı: “2022-ci ildə bu tamaşanın bir pərdəsini Türkiyənin İstanbul Texnik Universitetinin Naxçıvana gələn kollektivinə göstərdik. Yəni Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında oynadıq. Lakin düşünürdük ki, bu tamaşanı daha möhtəşəm formada teatrın səhnəsində göstərmək olar. Bunun üstünlüyü ondadır ki, teatrda orkestr üçün xüsusi yer var, orkestr həmin yerdə, necə deyərlər, öz vəzifəsini yerinə yetirir, aktyor heyəti isə səhnədə. Tamaşanı Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri təqdim edib. Onu vurğulayım ki, tamaşada iştirak edənlərin heç biri aktyor yox, hamısı vokalçı idi”. 
Mübariz müəllim onu da diqqətimizə çatdırdı ki, 2022-ci ildə universitetimizin İncəsənət fakültəsində opera studiyası fəaliyyətə başlayıb: “Ümid edirik ki, studiyamız rəsmi status alacaq və həmin vaxt opera studiyasının həm orkestri, eyni zamanda da aktyor truppası təşkil ediləcək. Burada da musiqili komediyalar, operalardan parçalar, baletlərdən hazırlanan səhnələr olacaqdır. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını da Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin opera studiyası təqdim edibdir”. 
Tamaşanın quruluşçu rejissoru bildirdi ki, 8 iyul 2024-cü il kollektiv üçün ən yaddaqalan bir günə çevrilib. Həmin gün tamaşaçılara təqdim olunan tamaşanı muxtar respublika rəhbərliyi tamaşaçılarla birgə izlədi. Demək olar ki, anşlaq oldu. Hətta lojalar belə dolu idi. Tamaşanın dekorasiyasının, demək olar ki, çox hissəsi özümüzə məxsus olsa da, teatr kollektivi də bizə o işdə koməklik göstərdi. Naxçıvan Televiziyasının rəhbərliyinə də öz minnətdarlığımızı bildiririk ki, bu tamaşa lentə alındı. 
Qeyd edək ki, böyük uğur qazanan komediyanın dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent Cavid İsmayılovdur. Həm Çingiz Axundovun, həm də Cavid İsmayılovun komediyanın geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanmasında çəkdikləri zəhmət xüsusi vurğulanmalıdır. Əsərin ideyasının açılmasında bu sənətçilər üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. 
Tamaşanın sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səhnə arxasına keçərək kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümü münasibətilə təqdim olunan tamaşada fəal iştirak edən kollektiv üzvlərinə təşəkkürünü bildirib, onlara sertifikatlar təqdim edib. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 04.08.2024 10:30