AZ EN RU

Muxtar respublikanın su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin iyul ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki,  2024-cü ilin iyul ayının sonunda su anbarlarına 245,03 milyon kubmetr  su ehtiyatı toplanılıb. Su istifadəçilərinə iyul ayı ərzində 29,28 milyon kubmetr  su verilib və  bunun müqabilində 23 583 hektar torpaq sahəsi suvarılır.

2024-cü ilin iyul ayı ərzində 2,8 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 22,67 kilometr beton və torpaq kanallar, 25,28 kilometr ara arxlar,           6,6 kilometr kollektor lildən təmizlənib, 0,03 kilometr içməli su, 0,8 kilometr suvarma boru xətti, 1,91 kilometr təzyiqli boru xətti çəkilib, 2,16 kilometr mövcud içməli su xətlərində, 0,1 kilometr kanalizasiya xətlərində, 1,17 kilometr kaptajlarda, suvarma boru xətlərinin  0,44 kilometr hissəsində və təzyiqli boru xətlərinin 2,17 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 43 hektar, Babək rayonunun isə 40 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə yeni boru xətləri çəkilib, təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılıb. Belə ki, Culfa rayonunun Əbrəqunus kəndində 800 metr yeni suvarma boru xətti çəkilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib, yeni təzyiqli boru xətti çəkilib. Culfa rayonunun Bənəniyar kəndinin suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə “Bənəniyar” nasos stansiyasından 1908 metr uzunluğunda yeni təzyiqli boru xətti çəkilib. Şərur rayonunda “Muğanlı”, “Qorçulu”, “Kərimbəyli-1” və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,18 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Cəhri-1”, “Cəhri-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,7 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”,  “Əcəmi-2”, “Naxçıvani”, “Şahbuzkənd” və “Mahmudoba” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,36 kilometr hissəsində, Culfa rayonunda “Gülüstan”, “Culfa-1” və “Yaycı-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,16 kilometr hissəsində, Ordubad rayonunda “Dəstə-2” nasos stansiyasının təzyiqli boru xəttinin 0,2 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2” və “4№-li” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,22 kilometr hissəsində, Naxçıvan şəhərində “Azərbaycan” və “Qaraçuq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,36 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin iyul ayı ərzində 3 kəhrizdə cari təmir işləri başa çatdırılıb,                   2 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 180 metr kürə təmizlənib, 8 metr saybənd hörülüb, 5 metr uzunluğunda diametri 600 millimetr olan dəmir boru kəsilərək 3 ədəd kəhriz quyusuna quraşdırılıb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının  8 ədədinə yeni nasos quraşdırılmaqla, 84 ədədi əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala, Şahbuz rayonunun isə Sələsüz kəndində hər birində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb. Quyulara bərkidici (kolon) boru quraşdırılaraq işlər davam etdirilir.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 36 evin içməli su xəttinə, 122 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Su Ehtiyatları Agentliyinin

mətbuat xidməti

Nəşr edilib : 10.08.2024 10:38