AZ EN RU

Muxtar respublikanın su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb, hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, 2024-cü ilin iyun ayının sonunda su anbarlarında 274,5 milyon kubmetr  su ehtiyatı mövcud olub. Su istifadəçilərinə iyun ayı ərzində 45 milyon kubmetr  su verilib, bunun müqabilində 36 309 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin iyun ayı ərzində 0,2 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 13,31 kilometr beton və torpaq kanallar, 23,46 kilometr ara arxlar, 2,8 kilometr kollektor lildən təmizlənib, 1,54 kilometr içməli su, 0,08 kilometr kanalizasiya, 1,5 kilometr təzyiqli boru xətti çəkilib, 1,35 kilometr mövcud içməli su xətlərində, 0,11 kilometr kanalizasiya xətlərində, 0,07 kilometr kaptajlarda, suvarma boru xətlərinin  1,03 kilometr hissəsində və təzyiqli boru xətlərinin      0,77 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Muğanlı kollektorunda 0,7 kilometr, Axaməd kollektorunda 1,4 kilometr olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 2,1 kilometr, Naxçıvan şəhərində isə 0,7 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 26 hektar, Naxçıvan şəhərinin isə 10 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Ordubad rayonunun Düylün kəndinə yeni qazılmış subartezian quyusundan 500 metr uzunluğunda yeni suaparıcı boru xətti çəkilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib, yeni təzyiqli boru xətti çəkilib. Culfa rayonunun Bənəniyar kəndinin suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə “Bənəniyar” nasos stansiyasından 1,5 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilib. Şərur rayonunda “Dərəkənd”, “Xələc”, “Ərəbyengicə” və “Ağbulaq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Şəkərabad”, “Hacıvar” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,13 kilometr hissəsində, Şahbuz rayonunda “Külüs” və “Mahmudoba” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,03 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1” və  “Yaycı-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin  0,46 kilometr hissəsində, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttinin 0,03 kilometr hissəsində, Naxçıvan şəhərində “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,03 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin iyun ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 340 metr kürə təmizlənmiş,  20 metr saybənd hörülüb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının    3 ədədinə yeni nasos quraşdırılmaqla, 59 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Babək rayonunun Qaraqala kəndində su təminatının yaxşılaşdırılması məqsədilə    1 subartezian quyusunun qazma işlərinə başlanılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 23 evin içməli su xəttinə, 387 evin isə kanalizasiya xəttinə birləşməsi aparıləb.

Naxçıvan Muxtar Respublikası

Dövlət Su Ehtiyatları Agentliyinin

mətbuat xidməti

Nəşr edilib : 09.07.2024 11:12