AZ EN RU

Muxtar respublikanın enerji sistemində yeni layihələr icra olunur

Azərbaycanda böyük diqqət göstərilən sahələrdən biri də energetika sektorudur. Bu sahəyə dövlət başçısı cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Həmin diqqətin nəticəsidir ki, bu gün muxtar respublika ərazisindəki alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və energetika sahəsindəki texniki yenidənqurma işləri daim inkişafdadır. Cənab Prezident İlham Əliyevin “Naxçıvanla bağlı böyük planlarımız var” fikri ətrafında icra olunacaq işlərdən biri də Naxçıvan Muxtar Respublikasında istehsal olunan enerjinin Avropa ölkələrinə ixracı məsələsidir.

Hazırda muxtar respublikada energetika sahəsində yenidənqurma və texniki işlər icra olunur. Həmin yeniliklər barədə bizləri maraqlandıran bəzi suallara daha ətraflı cavab tapmaq üçün suallarımızı Dövlət Energetika Xidmətinin şöbə müdiri Miryunis Seyidova ünvanladıq:

– Miryunis müəllim, elektrik sərfiyyatı üzrə ödəniş prosesləri, əsasən, Naxçıvanpoçt vasitəsilə həyata keçirilirdi. Bu isə axşam vaxtları poçtun iş saatının bitməsi ilə sayğac balansı bitən abonentlərin elektrik enerjisi ilə təminatını kəsmiş olurdu. Hazırda isə bu problemin aradan qaldırılması sahəsində bir neçə tədbirlər görülür. Bu haqda istərdim daha ətraflı məlumat verəsiniz.

– Bu məsələlərin həlli istiqamətində Dövlət Energetika Xidməti tərəfindən mütəmadi iş aparılmaqdadır, lakin bu arqumentin icrası o qədər də asan deyildi. Daha əvvəl fəaliyyət göstərən “Naxçıvanbank” ASC-nin terminalları vasitəsilə elektrik ödənişlərinin icrası mümkün idi. Daha sonra bu bank adını və təşkilati-hüquqi formasını dəyişdirərək “E-Kredit” MMC olması nəticəsində fəaliyyətini dayandırdı. Dövlət Energetika Xidməti və banklar arasında bu ödəniş üsulunun yenidən bərpa olunması xidmətin ən başlıca işlərindən biri kimi nəzərdə tutulmuşdu. Bu icraya qədər gec saatlarda elektrik balansının bitməsi nəticəsində elektrik verilişinin dayandırılması nisbətən aradan qalxdı, axşam saatlarında elektrik kəsintiləri yox səviyyəsinə endirildi. İndi isə əksər terminallarda elektrik ödənişlərinin bərpası uğurla həyata keçirilir.

 – Bəs elektrik ödənişlərinin bərpa prosesi hazırda hansı ərazilərdəki ödəmə məntəqələrində yerinə yetirilib? Bu proses muxtar respublika ərazisində yerləşən bütün ödəmə məntəqələrini əhatə edəcəkmi?

– Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti mövcud çətinliyi aradan qaldırmaq üçün “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə smart-kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin ödənilməsi məqsədi ilə müqavilə imzalayıb. Muxtar respublika üzrə müvafiq ödəmə məntəqələrinin hamısında smart-kart tipli elektrik sayğaclarının balans artımı mümkün olacaq.

– Hazır smart-kart tipli elektrik sayğaclarının bərpasından söz açılmışkən, istərdik həmin sayğaclar haqqında da sizdən məlumat alaq. Bu sayğacların sayının muxtar respublika üzrə artırılması planlanlaşdırılıbmı?

 – Bəli, smart-kart tipli sayğacların quraşdırılması işləri Naxçıvan, Babək, Şərur və Culfa şəhərindəki bəzi ərazilərdə yerinə yetirilibdir. Bu ərazilər üzrə artıq 43 ədəd yeni sayğac quraşdırılıb. Ümumi muxtar respublikaya nəzər salsaq hazırda bu tip sayğacların sayının 32 439 ədəd olduğunu görə bilərik. Naxçıvan Muxtar Respublikası ərazisində quraşdırılan bütün növ elektrik sayğaclarının ümumi sayı isə 2024-cü ilə qədər 99 274 ədəd olub.

– İstərdim muxtar respublikanın enerji təminatının ödənilməsində böyük payı olan alternativ enerji mənbələri haqqında məlumat verəsiniz. Alternativ enerji mənbələri sayəsində istehsal olunan enerji payının keçən illərə nisbətən fərqi varmı?

 – Ötən il ilə müqayisədə alternativ enerji mənbələri ilə istehsal olunan enerji payının artdığını görə bilərik. Cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. İstehsal olunan elektrik enerjisi İstilik Elektrik sansiyalarında (İES) 28 097 000 kilovat saat, Su Elektrik stansiyalarında (SES) 18 639 208 kilovat saat, digər alternativ və bərpaolunan enerji mənbələri üzrə isə 6 199 816 kilovat saat olub. 2024-cü ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 53.08 faizi İstilik Elektrik Stansiyalarında, 35,21 faizi Su Elektrik stansiyalarında, 11,71 faizi isə Günəş Elektrik stansiyalarında istehsal olunaraq elektrik şəbəkəsinə ötürülüb. Onu da qeyd etmək lazımdır ki, ötən illə müqayisədə alternativ enerji mənbələrinin payı 11,71 faiz artaraq 46,92 faiz olub. Biz çalışacağıq ki, gələcək işlərimizdə istər smartkartstipli sayğacların quraşdırılmasında, istərsə də alternativ enerji mənbələrinin istehsal həcminin artırılması barədə daha geniş layihələr yerinə yetirək.

Sullarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik!

Rafiq TƏHMƏZ

Nəşr edilib : 14.08.2024 15:39