AZ EN RU

Muxtar respublikanın 100 illiyi ilə bağlı keçirilən tədbirlər davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Tədbirlər Planı hazırlanıb və işçi qrupu yaradılıb. Ötən müddət ərzində müxtəlif tədbirlər keçirilib və tədbirlərin keçirilməsi davam edir.

 Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş qızıl və gümüş pul nişanlarının ilkin dizayn eskizlərinin təsdiqlənməsi və buraxılış limitləri haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına Nazirlər Kabineti tərəfindən məktub ünvanlanıb.

Muxtar respublikanın ümumtəhsil məktəblərində müxtəlif mövzularda 16 inşa yazı müsabiqəsi, V-VIII sinif şagirdləri arasında Nəsirəddin Tusi adına fizika-riyaziyyat olimpiadası keçirilib, 12 intellektual oyun təşkil edilib. Bununla yanaşı, idmanın atletika, sərbəst güləş, stolüstü tennis, badminton, futbol və voleybol növləri üzrə yoldaşlıq görüşləri, rayonlararası yarışlar, rayon birincilikləri keçirilib, “Şən startlar” idman yarışı və şahmat oyunları təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə müxtəlif idman turnirləri təşkil olunub, qadın FİDE ustası Nəsrin Babayeva tərəfindən müxtəlif yaşlı peşəkar və həvəskar şahmatçılar üçün şahmat üzrə seans oyunu keçirilib. Yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə 106 idman və bilik yarışı olmaqla, ümumilikdə, 131 tədbir keçirilmişdir.

Ötən müddətdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədovun, rəssam Şahin Rəsulzadənin yaradıcılığına, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəsm ixtisası üzrə müəllimi Nizami Məmmədovun və şagirdlərinin fərdi sərgisi təşkil olunub. Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı 186 sərgi qurulub, 9 tamaşa, 67 konsert proqramı təşkil olunub.

Meşə fondu ərazilərində və digər ərazilərdə mart-aprel aylarında 19,4 ha sahədə ağacəkmə aksiyası keçirilib, 34,9 ha sahədə meşəbərpa tədbirləri görülüb. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı 16 mart tarixdə muxtar respublika ərazisində bir gündə 100 min ağac əkilib. Naxçıvan şəhəri ərazisində “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilmişdir.

2024-cü ilin 6 ayı ərzində media sahəsində də tədbirlər keçirilib. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” fotosərgisi mart ayında Türkiyənin İğdır şəhərində, aprel ayında Bakı şəhərində nümayiş olunub. 100 illiklə bağlı Prezident cənab İlham Əliyevin Naxçıvan haqqındakı fikirlərini özündə əks etdirən “Naxçıvan Muxtar Respublikası 100 illiyə 100 kəlam” adlı kitabça çap olunub. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə “Şərq qapısı” qəzeti “100 ilin qəhrəmanları” layihəsini həyata keçirib. Layihəyə uyğun olaraq 44 günlük Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələri ilə görüşlər keçirilir, şəhid analarının övladları haqqında xatirə yazıları hazırlanır. Vətən müharibəsində canını fəda edən şəhidlərimizə həsr olunmuş 70 yazı dərc olunub. Bu yazılar qəzet və saytda yerləşdirilməklə yanaşı, həm də ilin sonunda kitab halında nəşr olunacaq.

“Qədim Naxçıvan 100 ildə” rubrikası ilə “Şərq qapısı” qəzetinin arxiv materiallarından istifadə etməklə Naxçıvanın 100 illik muxtariyyət tarixinin müxtəlif mərhələlərini əks etdirən silsilə yazılar verilib. Bundan başqa, muxtar respublikanın yaradılmasının 100 illiyi münasibətilə “100 ilin Naxçıvanı”, “Muxtariyyət 100” rubrikaları ilə 40-a yaxın yazı “Şərq qapısı” qəzetində və saytında yerləşdirilib. Qəzetin 10 fevral tarixli nömrəsində 9 fevral Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı “Muxtariyyətin 100-cü ali təntənəsi”, “Muxtariyyət-100” başlığı ilə xəbər, məqalə, şeirlər də daxil olmaqla, ümumilikdə, 34 material dərc edilib. Qəzetdə “Söz tələbə jurnalistlərindir” başlığı ilə 7 məqalə muxtar respublikanın 100 illiyinə həsr olunub.

Naxçıvan teleradiosu tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar yanvar-iyun aylarında 8 film, 6 veriliş, 2 videoçarx, 140 süjet hazırlanaraq efirə təqdim edilib.

10 may 2024-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 12 şəxsə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillər təqdim edilib.

Ötən müddətdə AMEA Naxçıvan Bölməsində 100 illiklə bağlı 7 elmi konfrans keçirilib, muxtariyyətin 100 illik tarixinin müxtəlif mərhələlərinə aid məruzələr dinlənilib. Naxçıvan Dövlət Universiteti tərəfindən isə, ümumilikdə, 11 konfrans keçirilib.

Yanvar ayının 15-dən 25-dək Səhiyyə Nazirliyi tərəfindən  muxtar respublikanın bütün ərazisini əhatə dən “100 il yaşa” adlı kütləvi-profilaktik tibbi müayinə aksiyası keçirilib. Aksiyaya 184 səhiyyə işçisi və 16 ambulans cəlb edilib, Naxçıvan şəhəri, 7 rayon, 8 qəsəbə, 187 kənddə olmaqla, ümumilikdə, 5855 həkim müayinəsi, 1163 USM müayinəsi aparılıb, 1629 ümumi qan analizi yoxlanılıb, 692 vətəndaş müraciəti qeydə alınıb.

2024-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasının dövlət orqanları, idarə, müəssisə və təşkilatları tərəfindən, ümumilikdə, 1224 tədbir keçirilib. Tədbirlərin keçirilməsi ilin sonuna qədər davam edəcək.

 

Məmməd BABAYEV

Nəşr edilib : 12.08.2024 12:47