AZ EN RU

Muxtar respublikamızın bütün rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Şərur rayonu

    XX əsrin təlatümlü 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində xalqımız bir tərəfdən imperiyanın irticaçı dairələrinin Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq siyasətinin yeni təzahürü ilə qarşılaşmış, digər tərəfdən isə bir əsrdə ikinci dəfə öz müstəqil dövlətini yaratmaq uğrunda milli azadlıq mübarizəsinə qalxmışdı.
    Bunun qarşısını almaq üçün sovet imperiyası planlarına Naxçıvandan başladı və 1990-cı il yanvarın 19-da ermənilərin Naxçıvan ərazisinə hücumu təşkil edildi. Muxtar respublika ilk şəhidlərini verdi. Ərazi bütövlüyümüzə uzanmış bu qara əllər tezliklə özünü 20 Yanvar hadisələrində göstərdi. 
    Qanlı 20 Yanvar hadisələri zamanı şəhid olan igid eloğullarımız Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdılar. 20 Yanvarın Azərbaycan tarixində xalqın qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti vardır. Məhz bu dönməz, mübariz xalqın birliyi sayəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  27 sentyabr 2020-ci ildə düşmənin növbəti cəhdinin qarşısının alınması üçün başlanan əks-hücumda 30 illik Qarabağ, Şuşa həsrətinə son qoyuldu. İgid oğullarımız  Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” şüarı ilə qəhrəmanlıq tarixi yazdılar. Oğullarımızın qəhrəmanlığı dünyaya səs saldı. Qazanılan Qələbə illərdir, torpaq həsrəti ilə yaşayan insanların həsrətinə son qoymaqla yanaşı, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizin ruhunu sevindirdi.  
    Hər il olduğu kimi, bu il də yanvar ayının 20-də Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri Qanlı Yanvar hadisələrində və torpaqlarımızın müdafiəsi zamanı həlak olanların əziz xatirəsini yad etmək üçün Şərur şəhərindəki Şəhidlər xiyabanına gəlmiş, buradakı şəhid məzarlarına tər qərənfillər düzmüşlər. 
    Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilmiş, məzarların üstünə gül dəstələri qoyulmuşdur.

Babək rayonu

    Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Babək Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Babək şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gələrək gül dəstələri qoyub, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıblar. Qanlı Yanvar məzmunca terror aksiyası, faciə, bəşəriyyət qarşısında cinayət olsa da, xarakter etibarilə xalqımıza qarşı yönəldilmiş açıq hərbi təcavüz olsa da,  Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mücadilə əzmini qıra bilmədi. Törədilmiş faciə azadlıqsevər xalqımızın mübarizliyini bir daha ortaya qoydu. Həmin gecə şəhid olan övladlarımız xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb.

    Tarix sübut edir ki, Azərbaycan xalqı yenilməzdir, güclüdür, milli məsələlərdə bir yumruq kimi birləşə bilir. Ötən əsrin əvvəllərində müstəqilliyini yenidən bərpa edən iradəli xalqımız 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoydu, mənfur düşmənin ayağını doğma torpaqlarımızdan kəsdi. Bu gün Qarabağ Müzəffər Liderin rəhbərliyi altında dirçəlir, geniş abadlıq-quruculuq işləri aparılır. Müharibənin bitməsindən iki il keçməmiş Azərbaycan işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanları inşa etdi. Bu, dövlətimizin iqtisadi gücündən, Ali Baş Komandanın uzaqgörən, müdrik siyasətindən, keçmiş köçkünlərin tez bir vaxtda öz doğma ata-baba yurdlarına qayıtmasına göstərilən həssas münasibətdən xəbər verir.
    Qeyd edək ki, Vətən müharibəsində Babək rayonundan olan 17 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalıb.  

Ordubad rayonu

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu bölmələrinin erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı gerçəkləşdirdiyi hərbi müdaxilə – kütləvi terror aktı nəticəsində Bakıda 147 mülki vətəndaş öldürülmüş, 744 dinc  sakin yaralanmışdır. Ancaq 20 Yanvar qırğını Azərbaycan xalqının  iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

    Otuz üç il bundan əvvəl baş vermiş bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O zaman Mos­kvada təqib və məhrumiyyət şəraitində yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev böyük çətinliklə 21 yanvarda ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, burada keçirilən mətbuat konfransında çıxış edərək Bakıda misilsiz qanlı aksiyanı törədən şəxsləri kəskin şəkildə tənqid etmişdi. 
   Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasəti uğurla davam etdirir və 20 Yanvar şəhidlərinin ailələrinin, eləcə də Vətən müharibəsi şəhid və qazilərinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
    Tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır. 2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz bu birliyin nəticəsində 44 gün davam edən Vətən müharibəsində Tarixi Qələbə qazandı, ərazi bütövlüyümüz təmin olundu, haqq-ədalət öz yerini tapdı. 
    Ordubad rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Həmin gün rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Ordubad şəhərindəki Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad etmiş, şəhid məzarları üzərinə tər qərənfillər qoymuşlar.   

Culfa rayonu

    Yanvarın 20-də Culfa Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Culfa şəhərinin Heydər Əliyev prospektindəki Şəhidlər abidə kompleksinə gəlmiş, abidənin önündən keçərək, tər qərənfillər qoymaqla ehtiramlarını bildirmişlər. 

    20 Yanvar milli ideallar uğrunda mübarizə aparan xalqımızın tarixinə yazılan şanlı bir səhifədir. Elə bir səhifə ki törədilməsindən 33 il ötməsinə baxmayaraq, bu gün də bizə bu mübarizənin haqq səsi olduğunu xatırladır.
    20 Yanvar faciəsinə ilk siyasi qiymət Ulu Öndərimiz tərəfindən verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında Ümummilli Liderimiz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. 
    20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı və gəncləri üçün örnəkdir. Onlardan nümunə götürən Azərbaycan igidləri 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etməklə ölkəmizə Tarixi Qələbəni qazandırdı. Bu azadlıq mücadiləsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz düşmənə diz çökdürdü. İşğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bununla da Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə 20 Yanvar şəhidlərinin də qisasını almış oldu. Şəhidlərimizin haqları ödənilməzdir. Canlarını Vətən uğrunda fəda edən şəhidlərimiz əbədi olaraq qəlbimizdə yaşayacaq, əsrlər keçsə də, dönə-dönə xatırlanacaqlar. Onların qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaq.

Kəngərli rayonu

    Otuz üç il bundan əvvəl baş vermiş 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinə şərəfli gün, qəhrəmanlıq simvolu kimi həkk olundu. 1990-­cı il yanvarın 19­-dan 20-­nə keçən gecə sovet imperiyasının xüsusi hazırlıqlı ordusu tərəfindən planlı şəkildə Azərbaycan xalqına qarşı törədilən faciə xalqın yaddaşında silinməz iz qoydu. Həmin gecədə ölümün üzünə mərdliklə baxan silahsız kütlə sarsılmazlığını, birliyini bir daha sübut etdi. Xüsusi hazırlıqlı hərbçilər tərəfindən törədilən qanlı gecədə 147 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 744 vətəndaşımız ağır yaralanmışdı. 

    20 Yanvar hadisələrinə ilk hüquqi­-siyasi qiymət Ulu Öndər Heydər Әliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən verilmişdir.  
    Görkəmli dövlət xadimi Heydər Әliyevin siyasətini ardıcıllıqla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Әliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, sağlamlıq imkanlarını itirənlərin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilmişdir. Bu dəhşətli hadisədən 33 il ötür. Amma əvvəlki illərdən fərqli olaraq indi şəhidlərimizin ruhu şaddır. Çünki artıq onların qisası alınmışdır. 2020-­ci il sentyabrın 27­-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Әliyevin rəhbərliyi ilə başlayan və Tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi ilə ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. 
    Xalqımızın tarixinə qəhrəmanlıq günü kimi yazılmış 20 Yanvar faciəsinin 33-­cü ildönümü Kəngərli rayonunda da qeyd olunub. Yanvarın 20-­də idarə, müəssisə və təşkilatların nümayəndələri Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onların xatirəsini dərin ehtiramla yad edib, abidə önünə çiçəklər düzüblər. 

Şahbuz rayonu

    Yanvarın 20-də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri 20 Yanvar şəhidlərinə ehtiramlarını bildirərək anım tədbirində iştirak ediblər. Şəhidlər abidə kompleksində keçirilən tədbir zamanı kompleksin önünə tər qərənfillər düzülüb.

    Qanlı Yanvar Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul etdi. Bu Qərara əsasən Naxçıvan MSSR sovet imperiyasının tərkibindən çıxdı. 
    Tarix sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, məğrurdur. Həmrəy olmağı bacarır. Buna 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz dövlət-xalq-ordu birliyinin nəticəsində ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərimizin qisası alındı, torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət öz yerini tapdı.

Sədərək rayonu

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz üç il keçir. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirdi. 

    20 Yanvara qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun zaman etibarilə üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Sərhəd bölgəmiz Sədərəyi qoruyan könüllülər oldu. Həmin gün          8 şəhid verildi. Erməni quldurları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə bu qədim yurd yerinə hücum ediblər. Daha dəqiq desək, bu qısa müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüş olub. Həmin döyüşlərdə 108 nəfər şəhidlik zirvəsinə ucalıb. 
    20 Yanvar faciəsinin 33-cü ildönümü Sədərək rayonunda da anılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.01.2023 19:15