AZ EN RU

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

    Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması sentyabr ayında da diqqətdə saxlanılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın turistik mərkəzlərində komitə tərəfindən istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir. Hesabat ayında Xan Çinar, Batabat və Ağbulaq İstirahət mərkəzlərində təşkil edilən səyyar sərgi-satışlarda müxtəlif əl işləri sərgilənmiş və 11 istedadlı qadının 262 manat dəyərində 51 əl işi satılmışdır. Ümumilikdə, ötən ay özünüməşğulluğu təmin edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında və səyyar sərgi-satışlarda 15 istedadlı qadının 468 manat dəyərində 84 əl işinin satışı təmin olunmuşdur.
    İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində sərmayə kapitalı verilmiş 6 qadının evində sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar monitorinqlər keçirilmişdir. Şərur rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlara dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin öyrədilməsi ilə bağlı təlim keçirilmişdir. 
    Muxtar respublikada tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı 6 qadının məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir. Hesabat dövründə komitənin 2022-ci il üçün iş planına uyğun olaraq məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı keçirilib. Sərgi-satışda rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə rayon və kəndlərdə yaşayan istedadlı qadınların, Rəssamlar Birliyi üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər, Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən 38 qadının əl işi sərgilənmişdir. Sərgi-satışa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 344 qadının 8645, 3 sağlamlıq imkanları məhdud şəxsin 23 əl işi olmaqla, ümumilikdə, 347 şəxsin 8668 sayda əl işi cəlb olunmuşdur. Toplanılan əl işləri arasında muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ, qrafik işlər, vitraj, ebru sənəti, muncuq, gips, daş tozu, mis, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş tablolar, mənəvi və ailə dəyərlərini əks etdirən əl işləri üstünlük təşkil etmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar sentyabr ayında tədrisə cəlb edilmiş 25 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 8 müəssisədə monitorinq keçirilmişdir. Həmçinin ötən ay muxtar respublikada yaşayan 24 sağlamlıq imkanları məhdud uşağın məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması məqsədilə ailələri ilə əlaqə saxlanılmış, 13 uşaq məktəbə, 5 uşaq isə məktəbəqədər müəssisəyə cəlb edilmişdir. Bununla yanaşı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1 uşağın qeydiyyatı aparılmışdır. Bilik Günü ilə əlaqədar muxtar respublikada yaşayan 23-ü şəhid, 50-si xüsusi qayğıya ehtiyacı olan, 8-i çoxuşaqlı ailələrin uşaqları, 17-si təkvalideynli, 2-si sağlamlıq imkanları məhdud uşaq olmaqla, ümumilikdə, 100 uşağa məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
 mətbuat xidməti

Nəşr edilib : 26.10.2022 19:10