AZ EN RU

Muxtar respublika üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən Əfsanə və Aytac Naxçıvan Dövlət Universitetini seçməkdə qərarlıdır

Bu gün dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Yəni təhsilimiz keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca xalqımızın tərəqqisi daha da sürətlənir.  Unutmaq olmaz ki, təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 4-cü bəndində deyilir: “Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”. 

Doğulub, boya-başa çatdığımız dövlət kimliyindən asılı olmayaraq, hər  bir vətəndaşının oxumasına, inkişafına, sevdiyi, seçdiyi peşəyə, ixtisasa yiyələnməsinə önəm verir, dəstək olur. Elə bunun göstəricisidir ki, bu gün ölkəmizdə genişmiqyaslı imkanları olan onlarla ali təhsil ocağı var. Belə təhsil ocaqlarından biri də Naxçıvan Dövlət Universitetidir. Hazırda bu universitetin təhsil sistemi dünyanın ən qabaqcıl ölkələrinin təhsil sistemi, təlim metodları ilə təkmilləşdirilir. Buna görə də bu il ölkəmizdə Dövlət İmtahan Mərkəzinin iyul ayının 7-si və 14-ü  keçirdiyi qəbul imtahanında Naxçıvan Muxtar Respublikası üzrə yüksək balla tələbə adını qazanmış 2 abituriyent də məhz bu ali təhsil ocağını seçib.

Bizi sevindirən digər məqamlardan  biri də budur ki, muxtar respublikada 500-700  bal intervalında nəticə göstərən abituriyentlərin  sayı ildən-ilə artır. Qəbul imtahanında müvəffəqiyyət əldə edərək Naxçıvan Dövlət Universitetini seçən abituriyentlərlə həmsöhbət olduq. Onlardan biri Əfsanə Məmmədzadədir. O, Babək rayonunun Yarımca kənd tam orta məktəbinin məzunudur. III ixtisas qrupu üzrə 672 bal toplayan Əfsanənin bu ali məktəbi seçməsinin səbəbi adıçəkilən universitetin digər ölkələrin universitetləri ilə əməkdaşlıq proqramlarını gücləndirməsi, birgə layihələrin həyata keçirilməsidir. Həmsöhbətim universitetə hazırlaşan abituriyentlərə ixtisas seçərkən məntiqlə düşünmələrini məsləhət görür. Deyir ki, o, çəkdiyi əziyyətin qürurunu yaşayır. Ən böyük arzusu budur ki, nailiyyətlərini gələcək təhsil həyatında da davam etdirsin. Fürsətdən istifadə edərək  Əfsanə “Şərq qapısı” qəzetinə minnətdarlığını bildirdi: “İlk dəfədir ki, müsahibə verirəm və bu səbəbdən çox həyəcanlıyam. Tələbə adını qazanmaq üçün bir neçə il səylə çalışdım, gecəmi gündüzümə qatdım. Sonda arzuma çatdım. Bu yolda mənə dəstək olan valideynlərimə, müəllimlərimə minnətdarlığımı bildirirəm”.

Naxçıvan şəhər Əliabad qəsəbəsindəki 16 nömrəli tam orta məktəbi bitirən Aytac Alışarlı da II ixtisas qrupu üzrə 662 bal toplayaraq bəhs etdiyimiz universiteti seçib. Tələbə adını qazanmağın bir addımlığında olan Aytac sevinc hisslərini bizimlə bölüşür: “Əvvəla, mən və digər yüksək bal toplayan abituriyentləri diqqətdə saxladığınız üçün “Şərq qapısı” qəzetinə minnətdarlığımı bildirirəm. Orta məktəbdə dərslərə hər zaman hazırlıqlı olmuşam. Çünki məqsədim bu idi ki, maksimum bal toplayım.  Bu gün illərlə əzmlə çalışmağımın həm bəhrəsini görürəm, həm də sevincini yaşayıram. Abituriyentlərə məsləhətim odur ki, məqsədlərinə nail olmaq üçün oxumaqdan, öyrənməkdən bir an belə yorulmasınlar. Düşünsünlər ki, bu əziyyətli günlərin ömrü qısadır, bəhrəsini isə bütün ömrümüz boyu görəcəyik”. 

Bizimsə onlara sözümüz budur ki, hər zaman üzünüzdən qalibiyyət təbəssümü əskik olmasın, əziz tələbələr! Tək amalınız Vətənə, dövlətə layiqli, ziyalı vətəndaş kimi yetişmək olsun.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 07.08.2024 18:18