AZ EN RU

Muxtar respublika birincisi

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında muxtar respublika üzrə ən yüksək nəticəni Culfa şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Kənan İsmayıllı göstərib. O, buraxılış imtahanında, ümumilikdə, 691,9 bal toplayaraq bu uğura imza atıb. 
Kənan sevincini “Şərq qapısı” qəzeti ilə bölüşüb: “Təbii ki, belə bir nəticə asanlıqla əldə olunmur. Bunun arxasında çəkilən əziyyət, fədakarlıq və yuxusuz gecələr dayanır. Dayanmadan bütün əzmim və iradəmlə çalışdım və məqsədimə nail oldum. Düşünürəm ki, hər bir abituriyent imtahana hazırlıq müddətini olduqca məhsuldar keçirməlidir. Mən də hər zaman dərslərimdə əlimdən gəldiyi qədər məsuliyyətli olmağa çalışmışam. İmtahana kimi bir çox sınaq imtahanlarında yüksək nəticə əldə edərək uğur qazanmışam. Bir çox hallarda dərslərimə hazırlaşmaq üçün sosial şəbəkələrdən  faydalanmışam. Fikrimcə, xeyirimizə istifadə etdikdə sosial şəbəkələr olduqca faydalıdır. Əks təqdirdə, sosial şəbəkələr insanda asılılıq yaradır, bu da boşuna və səmərəsiz keçən zaman deməkdir. Mənim əsas hədəfim Hüquqşünaslıq ixtisasıdır və məqsədim gələcəkdə ölkəmizin daim inkişafını təmin edəcək işlər görməkdir”.
Kənan onu da bildirdi ki, Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənləri üzrə iştirak edərək yarımfinal mərhələsinə kimi yüksəlib. Bununla yanaşı, tez-tez sınaq imtahanlarında iştirak edən Kənan vaxtını düzgün bölüşdürmək, həyəcanını idarə etmək kimi təcrübələr qazanıb: “Belə yüksək nailiyyətlər əldə etməyimdə özümlə yanaşı, valideynlərim və müəllimlərimin üzərimdə böyük əməyi var. Düşünürəm ki, imtahanların məsuliyyətini dərk edən hər bir abituriyent bunu müvəqqəti çətinlik adlandırıb yoluna əzmlə davam etməlidir”.
O, 9-cu sinifdə təhsil aldığı vaxt attestat imtahanında istədiyi nəticəni əldə edə bilməyib və buraxılış imtahanında maksimum nəticə qazanmağı qarşısına məqsəd qoyub: “Bundan əlavə, cəmiyyətdə yer tutmaq, özünə dayaq tapmaq istəyən gənclərlə sıx kontaktda olmaq, bir-birimizə bu yolda dəstək olmaq qarşıma qoyduğum məqsədlərim sırasındadır. Bu gün çox sevincli və qürurluyam”.
Biz də Kənanı təbrik edir, ona gələcək tələbəlik və həyat yollarında uğurlar arzu edirik.

Bülbül Quliyeva
 

Nəşr edilib : 05.08.2024 09:28