AZ EN RU

Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik

Ətraf mühit, sosial və idarəetmədə (ESG), o cümlədən dayanıqlı inkişafda özəl sektorun öz ambisiyalarını yüksəltməsi və kollektiv tərəqqimiz üçün davamlılıq öhdəliklərini sürətləndirməsi lazımdır.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində videobağlantı zamanı deyib.

"Biz birgə işləməklə dövlət və özəl qurumların ESG-nin həyata keçirilməsində anlayışlar, strategiyalar və ən yaxşı təcrübələri paylaşa biləcəyi əməkdaşlıq mühitini inkişaf etdirmək səylərini dəstəkləyə bilərik. Ortaq problemlərimiz üçün işlək həll yolları tapılması məqsədilə özəl sektora ehtiyacımız var. Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik. Ümid edirik ki, şirkətlər kapitalı necə bölüşdürdükləri və investisiya qərarlarının iqlim məqsədlərimizə uyğun olmasını necə təmin etdiklərini göstərə biləcək şəkildə COP29-a hazır gələ bilərlər.

İqlimə müsbət təsir göstərən iqtisadi modellər yarada bilmək məqsədilə yaşıl kapital bazarlarını dərinləşdirmək üçün maliyyə xidmətləri sənayesinə ehtiyacımız var”, - deyə M.Babayev qeyd edib.

Nəşr edilib : 03.07.2024 11:20