AZ EN RU

Mülki Müdafiə Alayının gənc əsgərləri and içiblər

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.
    Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.
    Mülki Müdafiə Alayının komandir müavini, kapitan Xəyyam Muradov, əsgər Adil Adilov gənc əsgərləri hərbi andı qəbul etmələri, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir, əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan yaradır. 
    Mərasimdə çıxış edən gənc əsgər Emin Məmmədov bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gələcəklər.
    Digər çıxış edənlər bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun  44 günlük Zəfər yürüşü hərb tarixinə əsl qəhrəmanlıq dastanı kimi yazıldı, gələcək nəsillərə miras oldu. 30 illik Vətən həsrətinə son qoyularaq işğal altında olan torpaqlarımız azad edildi və şanlı Azərbaycan Ordusu düşməni darmadağın edərək onları məğlubiyyətə düçar etdi. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən əsgərlərimiz də hərbi anda sadiq qalacaq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənəcəklər. 
    Fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb. 
    Andiçmə mərasimi şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

 

Nəşr edilib : 09.11.2022 12:12