AZ EN RU

"Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsi çərçivəsində sonuncu təlim baş tutub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsi çərçivəsində sonuncu təlim baş tutub.
"Şərq qapısı" xəbər verir ki, təlimdən öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə çıxış edən "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Emin Tarverdiyev Naxçıvanda reallaşan layihə barədə məlumat verib. O cümlədən Naxçıvanda 7 təlimin baş tutmasında əməyi keçən hər bir kəsə təşəkkür edib. 22 iyul Milli Mətbuat Gününün 149 illiyinə də toxunan E.Tarverdiyev bildirib ki, bu gün paytaxtdan baxanda Naxçıvan mediasında canlanma açıq-aydın görünür: "Bu, həqiqətən də, həm oxuyucuya, həm də izləyiciyə xüsusi zövq verir. Fürsətdən istifadə edib qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə sizi təbrik edirəm".
Daha sonra "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış edib. Naxçıvanda belə təlimlərə ehtiyac olduğunu bildirən birlik sədri "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə və təlim iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında qonaqları salamlayaraq təlimin faydalılığına toxunub. Uzun illər özünün də qeyri-hökumət təşkilatlarında çalışdığını deyən G.Orucova belə təlimlərin onlara gətirə biləcəyi uğurlardan danışıb: "Qeyri-hökumət təşkilatlarının əsas işlərindən biri də əhalinin maarifləndirilməsidir. Bu gün    "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda baş tutan bu təlimi inanıram ki, sizlərə də uğur qazandıracaq. Bu təlimlərin əsas donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də rolu danılmazdır və biz onların hər birinə təşəkkür edirik".
Tədbirdə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə verdikləri dəstəyə görə, muxtar respublikanın 8 icra hakimiyyəti, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyi, o cümlədən 22 iyul Milli Mətbuat Günü münasibətilə Naxçıvan Televiziyası, "Şərq qapısı" qəzeti, "Nuhçıxan" İnformasiya portalı, "Naxçıvan xəbərləri" saytı, “Baku TV”-nin və "APA Media Group”un Naxçıvan müxbirləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızı hədiyyə plaketləri ilə mükafatlandırılıblar.
Təlimçi Vüsal Novruzov təlim haqqında məlumat verib.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımi məlumatlar verilib.

Nəşr edilib : 20.07.2024 19:11