AZ EN RU

Müəllimlərin işə qəbulu üçün test imtahanları keçirilir

    Muxtar respublikada ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və kadr potensialının inkişaf etdi­rilməsi məqsədilə növbəti test imtahanlarının keçirilməsinə start verilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2018-ci il 14 aprel tarixli Qərarına əsasən keçirilən müsabiqəyə ən çox Şərur (65), Ordubad (46) rayonları və Naxçıvan (29) şəhərindən olmaqla, ümumilikdə, 235 vakant vəzifə çıxarılıb. 
    2011-ci ildən bəri müxtəlif sahələr üzrə keçirilən imtahanlarda ilk dəfə olaraq müraciət edənlərin sayı 1000 namizədi ötüb ki, bu da işə qəbul imtahanlarının şəffaf şəkildə keçirilməsinin göstəricisidir. Budəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə rekord sayda namizəd müraciət edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə müəllimlərin işə qəbulu imtahanında 858 namizəd qeydiyyatdan keçmişdirsə, builki müraciət sayı ötənildəkini, təxminən, iki dəfə üstələyir. 1621 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Naxçıvan şəhəri (374), Babək (297) və Şərur (266) rayonlarından çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (378), Azərbaycan dili və ədəbiyyat (231) və ingilis dili (198) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə isə kimya (32), coğrafiya (26), fizika və ibtidai sinif müəllimliyi (hər biri üzrə 21) ixtisasları üzrə çıxarılıb.
    Test imtahanlarında hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı təqdim edilir. 
    Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. İmtahan bitdikdən dərhal sonra namizədə “Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri mərkəzin internet portalında yerləşdirilir.
    Test imtahanları avqustun 30-na qədər davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 16.08.2022 17:24