AZ EN RU

Möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli

“Zəngilan” tankerinin istismara verilməsinin çox böyük rəmzi mənası var

“Əsrin müqaviləsi” ilə dirçəlişə qədəm qoyan Azərbaycan iqtisadiyyatı son 20 ildə mühüm inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, ölkəmiz bütün sahələrdə nailiyyətlər əldə edib. Hər bir uğurun arxasında düşünülmüş, gələcəyə hesablanan strateji addımlar dayanır ki, bu da ölkəmizin 20 ildə qazandığı uğurlarda əksini tapıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını reallaşdırır. Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi məsələləri gerçəkləşdirməyi qarşıya yeni vəzifələr kimi qoyub.
Son 20 ildə iqtisadiyyatın inkişaf dinamikası baxımından dünyada Azərbaycan kimi ölkələrin sayı çox az olub. Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, ölkəmiz iqtisadi potensialını davamlı şəkildə artırmağa nail olub. Ümumiyyətlə, Azərbaycanın son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir. 
Dünya təcrübəsindən də bəlli olduğu kimi, hər bir ölkənin real müstəqilliyinin arxasında, ilk növbədə, iqtisadiyyat amili dayanır. Milli iqtisadiyyatı çökən ölkələrin müstəqilliyi də formal xarakter daşıyır. İqtisadiyyatının durumuna görə regional və qlobal müstəvidə heç bir önəm daşımayan forpost Ermənistanın vəziyyəti buna nümunədir. Məlum olduğu kimi, Ermənistan bütün irimiqyaslı enerji, nəqliyyat layihələrindən kənarda qalıb və dalan ölkəyə çevrilib. Bu gün iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan bu ölkəyə xarici investorlar maraq göstərmirlər. Nəticədə, burada acınacaqlı mənzərə yaranıb. İqtisadi asılılıq Ermənistanı siyasi cəhətdən də asılı ölkəyə çevirib. Bu ölkə müstəqil siyasi qərarlar verməkdə acizdir, daim yedəkdə gedir. Eyni zamanda işğalçı ölkədə əhalinin sosial durumu, dolanışıq şəraiti də dözülməz dərəcədə ağırdır və bu da, öz növbəsində, sosial partlayışa, insanların kütləvi narazılığına, siyasi və hakimiyyət böhranına gətirib çıxardıb.
Ölkəmizdə isə son 20 ildə milli iqtisadiyyat əhəmiyyətli dərəcədə genişlənib. Ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan çox müsbət reallıqlara malik bir ölkəyə çevrilib. İqtisadi müstəqilliyinin təmin olunması ölkəmizin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Qısa müstəqillik tarixində respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz. Bu kimi məqamlara diqqətçəkən Prezident cənab İlham Əliyev vurğulayıb: “Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa – ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan – heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan”.
Təbii ki, görülən işlər bütövlükdə ölkəmizin iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur ki, bunun da əsasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakı deyilənləri bir daha təsdiqlədi.
Tankerə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adının verilməsi də təsadüfi deyil. Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident cənab İlham Əliyevin indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.
“Zəngilan” Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı Gəmiqayırma Zavodunda ASCO üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. 
Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək. Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri, ümumilikdə, 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə, 10-u Bakı Gəmiqayırma Zavodunda inşa edilib. 
Ümumilikdə, son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. 
Bəli, yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması, Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığından xəbər verir.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 05.07.2024 14:50