AZ EN RU

Milli Müdafiə Universiteti bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə qəbul elan edir

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər sırasında Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması var.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları aerokosmik mühəndislik, kompüter mühəndisliyi, elektrik və elektronika, mexanika, radiotexnika və telekommunikasiya, sənaye, inşaat, gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi, müdafiə fəaliyyətləri (menecment), beynəlxalq münasibətlər, tarix ixtisasına da yer verilib.
İmtiyazlara gəlincə, 500 manat məbləğində birdəfəlik ödəmə, 150 manat məbləğində aylıq təqaüd, 200 manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım, 200 manat məbləğində hesabda yığılan aylıq ödəniş, təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.) və ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması daxildir.

Nəşr edilib : 29.07.2024 13:51