AZ EN RU

Milli-mənəvi irsimizə, elm və təhsilin inkişafına dövlət qayğısından bəhrələnən elm, mənəviyyat ocağı

   “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

                                                                                        Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Ta qədimdən başlayaraq bütün dövrlərdə kitabxanalar elm, zəka mənbəyi hesab olunur. Kitabxana elə bir sahədir ki, burada həm iqtisadi, həm təhsil, həm mədəniyyət, həm də informasiya siyasəti üst-üstə düşür. Ümumiyyətlə, kitabxana informasiya resurslarında zaman və məkan anlayışı yoxdur. Belə ki, kitabxanalar milli-mənəvi irsimizin ən etibarlı yaşadıcısı olmaqla yanaşı, eyni zamanda müasir texnologiyaların tətbiqi nəticəsində informasiya dünyasına açılan qapıya bənzəyir. Tariximizin, ədəbiyyatımızın, ümumiyyətlə, bütün elm sahələrinin məbədi hesab olunan kitabxanalar insanlara istər elm, istərsə də yüksək mənəvi keyfiyyətlərin aşılanmasında böyük rola malikdir. Təbii ki, bu müqəddəs ocaqların ərsəyə gəlməsində, onların daha da zənginləşdirilməsində, işıqlı bir məbədə çevrilməsində öz xalqını sevən, ona dərin ehtiram və məhəbbətlə yanaşan, xalqının xoşbəxt gələcəyi uğrunda böyük əmək sərf edərək bütün həyatını qurban verən liderlərin böyük rolu vardır. Azərbaycan xalqının xilaskarı, Ulu Öndər, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir.

Ümumilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizdə bütün sahələrin inkişafı naminə atdığı addımlar kitabxanaçılıq sahəsində də öz bəhrəsini vermişdir. Dahi şəxsiyyət nəinki müstəqillik illərində, keçmiş sovetlər ittifaqı dönəmində - totalitar rejimin ayrı-ayrı xalqların milli-mənəvi tərəqqiyə, elmi inkişafına süni maneələr yaratdığı dövrdə belə ölkəmizdə kitabxana siyasətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Məhz dahi şəxsiyyətin  uzaqgörən siyasəti nəticəsində kitabxana sahəsinin inkişafı ilə bağlı sözügedən dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti artırılmış, fondların daha da zənginləşdirilməsinə diqqət yönəldilmiş, regionlarda olan kitabxana əməkdaşlarının, demək olar ki, hamısının ali təhsil almasına əlverişli şərait yaradılmış, kitabxana binaları əsaslı təmir edilmişdir. Bütün bunlar məhz Ulu Öndərin siyasətinin nəticəsi olaraq xalqın mənəvi cəhətdən inkişafı, daha da kamilləşməsi, elm-bilik yolunda daha böyük uğurlar əldə etməsinə səbəb olmuşdur. Ümummilli Liderin göstərişi əsasında ölkədə yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanması da aparılan böyük, uğurlu  işin bir hissəsini təşkil edirdi. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu 1969-1982-ci illər Azərbaycanda elmi-mədəni inikişafın zirvəyə çatdığı bir dövrdür. 1993-cü ildə Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi bütün kitabxana və mədəniyyət müəssisələrinin fəaliyyətində əsaslı dönüş yaratdı. Belə ki, 1994-cü ildə Ulu Öndər “Kitabxana işi haqqında” qanunun işlənib hazırlanması ilə bağlı göstəriş verdi. 1996-cı ildə kitabxana işçilərinin fəaliyyəti respublika müşavirəsində geniş müzakirəyə çıxarıldı və yekun olaraq “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul olundu.

İftixarla qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin milli-mənəvi xəzinəmiz olan kitabxanaların fəaliyyətinə dövlət qayğısı da Onun siyasətinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin 20 aprel 2007-ci ildə “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncama əsasən kitabxana sahəsində aparılan işlər daha da sürətlənərək öz yüksək həllini tapmışdır. Dövlət başçısı 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” mühüm tarixi əhəmiyyətə malik Sərəncam imzalamışdır. Təsdiq edilmiş siyahıda göstərilən bütün kitabların kütləvi kitabxanalara, həmçinin ali və orta təhsil müəssisələri kitabxanalarına verilməsini təmin etmək məqsədilə isə “Latın qrafikası ilə 2004-cü ildə yenidən çap olunmuş kitabların bölgüsünün təsdiq edilməsi haqqında” Sərəncam imzalanmış, sərəncama əsasən ölkə başçısının tapşırıqları yerinə yetirilmişdir. Bütün bu işlərin arxasında təbii ki böyük yaradıcı əmək dayanır.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən mədəni irsimizin qorunub saxlanılması ilə bağlı mühüm addımlar atılmış, eyni zamanda kitabxanalarımızın dünya informasiya məkanına daxil olması prosesi reallaşdırılmışdır.

“Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illər) layihəsi”ndə kitabxanaların beynəlxalq informasiya mühitinə çıxarılması təmin olunmuşdur. Kitabxana sahəsində dövlət səviyyəli proqramların həyata keçirilməsi sözügedən sahənin cəmiyyətimiz üçün böyük əhəmiyyətini bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə kitabxanalarımızın 80-ci illərin sonu 90-cı illərin əvvəllərində itirilmiş beynəlxalq əlaqələri yenidən bərpa olunmuş, qarşılıqlı əlaqələr daha da inkişaf etdirilmişdir.

Azərbaycan kitabxanaları içərisində ali məktəb kitabxanalarının mühüm rolu var. Böyük qalibiyyət əldə etmiş ölkəmizin müstəqillik yolunda  qətiyyətlə irəlilədiyi bir dövrdə elmi mühitimizin və gənc nəslin mənəvi tələbatının yüksək səviyyədə ödənməsi qarşıya qoyulan ən əsas tələblərdən biridir. Qeyd edək ki, ölkəmizdə aparılan təhsil islahatları ali məktəb kitabxanalarının qarşısına çox mühüm vəzifələr qoymuşdur. Məlumdur ki, çağdaş dövrümüzdə oxucu maraqlarının öyrənilməsi və onların mütaliə istiqamətlərinin təyin edilməsi əsas şərtlərdəndir. Bu baxımdan ali məktəb kitabxanalarının bütün istifadəçiləri üçün kitabxana xidməti yüksək səviyyədə təşkil olunmalı, informasiya xidməti nümunəvi şəkildə təmin edilməlidir. Ölkə vətəndaşlarının mənəvi cəhətdən formalaşmasına, elmi biliklərin əxz olunmasına təkan verən əsas amillərdən biri məhz ali məktəb kitabxanalarının zənginliyinin təmin olunmasıdır. Bu baxımdan əsası 1968-ci ildə qoyulan Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası ölkənin ali təhsil ocaqlarının kitabxanaları içərisində müasir dünya standartlarına cavab verən, çoxsaylı oxucu kontingentinə yüksək keyfiyyəli xidməti ilə seçilən, fəaliyyətində milli ənənələrə əsaslanmaqla yanaşı, müasir informasiya texnologiyalarının tətbiqindən çevik şəkildə yararlanan bir elm ocağıdır. Dövlət başçısı cənab İlham Əliyevin göstərişi və şəxsən iştirakı ilə 2004-cü il may ayının 12-də Naxçıvan Dövlət Universitetinin yeni texnologiyalar əsasında müasir standartlara uyğun kitabxanasının açılışı olmuşdur. Bu bir daha kitabxanalarımıza olan yüksək dövlət qayğısının təzahürünü təcəssüm etdirir.  

Bu gün iki yüz minə yaxın resursu olan Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası yüz mindən artıq dərslik, dərs vəsaiti, ümumən elmi ədəbiyyatla təchiz olunmuşdur. Kitabxanaların elektronlaşması, açıq əlyetərliyin mövcudluğu, qabaqcıl dünya universitet kitabxanalarının elektron bazalarına giriş, institusional repozitoriyaların yaranması məhz tədqiqatçıların işinin asanlaşdırılması baxımından atılan ən mühüm addımlardandır.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında 2024-cü ilin aprel ayında təkmilləşmiş yeni elektron sistemə (www.lib.ndu.edu.az) keçirilməsi kitabxana informasiya mübadiləsinin daha əlçatan olmasına rəvac vermişdir. Müxtəlif beynəlxalq kitabxana layihələrində iştirak, konsorsiumlara üzvlük haqqı əldə etmək, elektron bazalardan istifadə NDU Elmi Kitabxanasının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın qabaqcıl universitetlərinin kitabxanalarının iş prinsipini öyrənmək, elektronlaşma sahəsində olan ən son yenilikləri NDU Elmi Kitabxanasının fəaliyyət mexanizminə tətbiq etmək, kitabxanalararası informasiya mübadiləsinim təmin olunması bu sahədə atılan ən uğurlu addımlardır. Təbii ki, bütün bu nailiyyətlər dövlətimizin təhsilimizə, elmimizə, mədəni irsimizə yüksək qayğısı nəticəsində reallaşmaqdadır. 

Böyük qələbədən sonra azad edilmiş torpaqlarımızda quruculuq işlərinin aparılması digər sahələrdə olduğu kimi kitabxanaçılıq sahəsində də müasir standartlara uyğun beynəlxalq arenaya çıxışı olan yeni tipli kitabxanaların qurulacağına inanırıq. Əminik ki, Azərbaycanımızın rifahı naminə Ali Baş Komandan, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında atılan bütün addımlar böyük uğurla reallaşacaq və ən qısa zamanda öz yüksək bəhrəsini verəcək.

                                                                                              Xumar Məmmədova

                                      NDU Elmi Kitabxanasının direktoru,

                                                          filologiya üzrə fəlsəfə doktoru,  dosent

Nəşr edilib : 05.08.2024 15:03