AZ EN RU

Milli Məclisdə İndoneziya-Azərbaycan əlaqələri müzakirə olunub

İndoneziya Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Baharın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, qonaqları Milli Məclisin sədri Sahibə Qafarova adından səmimi salamlayan Aparat rəhbəri, iki ölkə arasında əlaqələrin tarixi barədə danışıb, münasibətlərin gələcək perspektivlərinə dair fikirlərini səsləndirib.

Görüş zamanı qonaqlara Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiyaların təmsilçiliyi, həmçinin parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, İndoneziya ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin, həmçinin işçi qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların və müntəzəm görüşlərin əhəmiyyəti vurğulanıb, iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnuniyyət ifadə olunub.

İndoneziya Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Bahar iki ölkə arasında dostluq münasibətlərindən danışıb, Azərbaycan və İndoneziyanın qanunverici orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib.

Nəşr edilib : 06.08.2024 15:51