AZ EN RU

"Milli hərb tariximizin novator sərkərdəsi – Cəmşid Naxçıvanski" mövzusunda tədbir keçirilmişdir

"Şərq qapısı" məlumat verir ki,  General-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 129-cu ildönümü ilə əlaqədar Cəmşid Naxçıvanski Muzeyində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Abasət Nuriyev Naxçıvanskilər irsinə dövlət qayğısından danışaraq bildirmişdir ki, Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsində və muzeyinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Qeyd olunmuşdur ki, ölkəmizdə Cəmşid Naxçıvanski irsi xüsusi dövlət qayğısı ilə əhatə olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında”  2015-ci il 2 aprel tarixli Sərəncamı, Cəmşid Naxçıvanski Muzeyinin əsaslı təmiri və bərpası Cəmşid Naxçıvaski irsinə dövlət qayğısının bariz nümunəsidir.
Daha sonra direktor "Milli hərb tariximizin novator sərkərdəsi – Cəmşid Naxçıvanski" mövzusunda çıxış edərək sərkərdənin uşaqlıq və gənclik illərindən, keçdiyi şərəfli döyüş yolundan və hərbi-pedaqoji fəaliyyətindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, Cəmşid xan 43 illik ömrünün 26 ilini hərb sənətinə sərf edərək sıravi əsgərdən general rütbəsinədək yüksəlmişdir.
Muzeyin baş fond mühafizi,elmi işçisi Gülnaz Hüseynova “Naxçıvanskilər irsinin təbliğində Cəmşid Naxçıvanski Muzeyinin rolu” mövzusunda çıxış edərək söyləmişdir ki, Cəmşid Naxçıvanski məktəbi yeni gələn nəsillərə vətənpərvərlik təlimi aşılayır.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.

Nəşr edilib : 09.08.2024 14:31