AZ EN RU

Milli hərb tariximizdə Cəmşid xan Naxçıvanski izi…

Milli hərb tariximizə adını qızıl hərflərlə yazdıran görkəmli hərbçi, peşəkar zabit, keçmiş sovet məkanında xalqımızın qəhrəmanlığını, mübarizliyini təmsil edən Cəmşid Naxçıvanski yaşadığı dövr qədər çox çətin, bir o qədər də təlatümlü yol keçmişdir. 1895-ci ildə Naxçıvanskilər ailəsində dünyaya gələn Cəmşid xan yaxşı təhsil almış, ingilis, fransız dillərini dərindən öyrənmiş, hələ gənclik illərindən başlayaraq gələcəkdə ömür yolunu müəyyən edəcək hərb peşəsinin sirlərinə yiyələnmişdir. Kiçik yaşlarından hərb sənətini sevməsi, bu sənətə böyük maraq göstərməsi onu Tiflisə – hərbi yunkerlər hazırlayan Kadet məktəbinə gətirib. O, 1907-1914-cü illərdə bu məktəbdə təhsil alıb. 1914-cü ilin avqustunda isə Qərbi Ukraynanın Yelizavetqrad şəhərində Qvardiya məktəbinə daxil olub. Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar bu məktəbdə 4 aylıq kurs keçib. Az müddət ərzində yaxşı işi, nümunəvi davranışı və qətiyyətliliyi ilə kollektivin hörmətini qazanıb. Cəmşid xan Naxçıvanski 3 aydan sonra – 8 noyabr 1914-cü ildə yunker-unter rütbəsi alıb. 4 aylıq kursu bitirdikdən sonra isə ona 1 dekabr 1914-cü ildə o dövr üçün ilk zabit rütbəsi sayılan praporşik rütbəsi verilib. 
Birinci Dünya müharibəsinin başlanması ilə keçmiş rus ordusu sırasında xidmət edən azərbaycanlı zabitlər də qanlı döyüşlərə atılıb. Cəmşid xan I Dünya müharibəsinin ən ağır döyüş bölgələrindən biri olan Cənub-Qərb cəbhəsində döyüşərək babalarının şanına və şərəfinə layiq olan cəsarət və igidlik göstərib. Gənc zabit bu qanlı müharibədə üç dəfə ağır yaralanıb, müalicə olunaraq təkrar döyüşlərə qatılıb. Cəmşid xanın göstərdiyi şəxsi döyüş nümunəsi və şücaəti ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, sərkərdə ən ali mükafatlarla təltif olunub.
Müharibənin başa çatması ilə o, Vətənə qayıdıb. Və bu hadisədən sonra Cəmşid xan Naxçıvanskinin həyatında böyük hadisələr baş verib. Məsələn, görkəmli hərbçimiz 1918-ci il sentyabrın 15-də Bakının erməni daşnaklarından və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərib. Bu xidmətlərinə görə ona podpolkovnik rütbəsi verilib, ardınca Azərbaycan milli hökuməti 1920-ci il 24 mart tarixli əmrlə Cəmşid Naxçıvanskini II Qarabağ süvari alayına komandir təyin edib. O, Qarabağda erməni daşnaklarına qarşı ağır döyüşlərdə iştirak edərək Əskəran qalasının, Ağdam, Xankəndi və Şuşanın azad olunmasında əsl igidlik göstərib. 1921-ci ildə Cəmşid Naxçıvanskiyə daha çətin və məsuliyyətli bir vəzifə – Azərbaycanın ilk Milli Atıcı Diviziyasını yaratmaq tapşırılır. O, hərbçi peşəkarlığı ilə bütün bacarığını və gücünü diviziyanın yaradılması işinə sərf edir. Diviziyaya komandirliyi dövründə bir neçə dəfə ali akademiya kurslarında iştirak edir. Bütün qoşun növlərinin strategiyasını mükəmməl öyrənir və hərbi işi dərindən bilən bir komandir kimi Bakıya qayıdır. Onun ömür yolunda bunun kimi hadisələr çoxdur və əsası da odur ki, Cəmşid xan Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran peşəkar hərbçi kimi xalqımızın yaddaşında qalıb…
Ötən əsrin 30-cu illərində başlayan amansız Stalin repressiyaları Cəmşid xanın da həyatından yan keçməyib. O, 1938-ci ilin mayında həbs olunub, iki aydan bir az artıq həbs həyatı yaşayıb və avqustun iyirmi altısında güllələnməyə məhkum edilib. Bu hadisənin üzərindən illər keçdikdən sonra, daha dəqiq desək, 1956-ci ildə SSRİ Ali Məhkəməsi tərəfindən bəraət verilib. 
Görkəmli hərbiçinin ev-muzeyi rəsmi olaraq Naxçıvanda 1987-ci ilin noyabrında açıldı və həmin muzey bu gün də milli hərb tariximizdə dərin iz qoymuş Cəmşid xan Naxçıvanskinin adını, onun fəaliyyətini keçmişdən günümüzə şərəflə, tarixi həqiqətlərin fonunda düzgün və real şəkildə yansıda bilir…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 10.08.2024 00:00