AZ EN RU

Mətbuat işçiləri ilə görüş keçirilib

"Naxçıvan Qaziləri" İctimai Birliyinin ofisində 22 iyul – Milli Mətbuat Günü ilə bağlı qazilərin  Naxçıvan Muxtar Respublikasının media nümayəndələri ilə görüşü olub.Öncə Ulu Öndərin və  Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Dövlət Himni səsləndirilib.  
Görüşdə çıxış edən birliyin təsisçisi və sədr müavini, Vətən müharibəsi qazisi Əli Əlisoy  bildirib ki, mətbuat işçiləri hər zaman şəhid və qazilərin yanında olub. İgid oğullar cəbhədə düşmənə qalib gələndə jurnalistlərdə informasiya cəbhəsində haqq səsimizi dünyaya çatdırdı.  Səngərdə şəhid olan jurnalistlərin də, döyüşərək şəhidlik zirvəsinə ucalan əsgərin də şücaəti hər zaman bu xalqın ürəyində yaşayacaq. 
Şəhid anası Fatma Şükürlü şəhid ailələrinin yanında olan bütün media nümayəndələrinə təşəkkür edib. Qeyd edib ki,Vətən uğrunda döyüşlərdə dastan yazan oğulları  jurnalistlər də  məqalələrində yaddaşa yazdı. Onlar şəhidlərin döyüş yolunu yazıya köçürüb tarixin səhifələrinə qeyd etdilər.
 İctimai Televiziya və Radio Verilişləri şirkətinin Naxçıvandakı  bölgə müxbiri Qahirə Hüseynova Ulu Öndərin Azərbaycan mətbuatına göstərdiyi qayğıdan bəhs edib. Milli Mətbuatın yaranmasının ildönümünü Vətən müharibəsi qaziləri ilə bir arada qeyd edilməsinin media nümayəndələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki,  1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldığı dövrdə Ulu Öndər Heydər Əliyev informasiya blokadasının yarılması istiqamətində mühüm addımlar ataraq muxtar respublikanın işğal təhlükəsi ilə üzləşdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla haqq mübarizəmizin müəyyən beynəlxalq dairələr tərəfindən dəstəklənməsinə nail olub. 44 günlük Vətən müharibəsində igid oğullarımız düşmənlə qanlı döyüşlərdə qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edəndə arxa cəbhədə ölkəmizin media qurumları informasiya cəbhəsində əzmkarlıq göstəriblər, əsl həqiqətləri bütün dünyaya çatdırmaq üçün səylə çalışıblar. Vurğulanıb ki, bu sahədə ən mühüm işi Ali Baş Komandan,  Prezident cənab İlham Əliyev özü həmin dövrdə çoxsaylı xarici jurnalistlərə verdiyi müsahibələrlə həyata keçirib.
"Naxçıvan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru Anar Tağıyev çıxış edərək birliyin üzvlərinə minnətdarlığını bildirdi.
 Sonda media nümayəndələri birliyin Fəxri fərmanları ilə təltif edilib.

Nəşr edilib : 22.07.2024 20:16