AZ EN RU

Mətbuat fədailəri

149 yaşlı milli mətbuat sistemində Naxçıvan mətbuatının xüsusi yeri və rolu vardır. Şübhəsiz, onun inkişafında, uğrunda uzun illərdir, bu sahəyə ömür vermiş mətbuat fədailərinin rolu danılmazdır. Gəlin onların bir neçəsinin fəaliyyəti ilə yaxından tanış olaq. 

Jurnalistika peşəsi bütün peşələrin 
ən maraqlısı və yadda qalanıdır

Naxçıvan mətbuatında sözü və imzası ilə tanınan, 40 ildən çoxdur, bu sahədə fəaliyyət göstərən əsl mətbuat fədaisi Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovdur. O, qəzetə müsahibəsində dedi: – Jurnalistika peşəsi bütün peşələrin ən maraqlısı və yadda qalanıdır. Çünki gördüklərini qələmə almaq və onu xalqa çatdırmaq kimi şərəfli bir missiya məhz bu peşə sahiblərinin üzərinə düşür. Jurnalist gərək ürəyinin səsinə qulaq assın. Mənsub olduğu xalqın adət-ənənəsini bilsin. Xalqının səsini dinləsin, həqiqəti yazsın. İstər mətbuat, istərsə də televiziya və radio, sözün əsl mənasında, xalqın tribunasıdır. Müstəqilliyimizin əbədililiyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, habelə ədəbi qüvvələrin formalaşması və inkişafında mətbuat və televiziyanın fəaliyyəti əvəzolunmazdır. 


Bu gün geriyə dönüb “Şərq qapısı” qəzetinin yaxın keçmişinə nəzər salanda, müstəqillik illərində daha irəliyə gedib öz səhifələrində milli dövlətçilik və Azərbaycançılıq ideologiyasının formalaşmasına öz dəyərli töhfələrini verməsinə şahidlik edəndə, əməkdaşların yaradıcı, analitik, təhlili, oxucu marağını oxşayan, cəmiyyətimizin müxtəlif sahələrini bir güzgü kimi əks etdirən yazılarını görəndə sevincimiz birə-beş qat artır. Bu inkişaf mətbuata göstərilən dövlət qayğısının, əməkdaşların Vətənə, torpağa, xalqına olan sevgisinin, peşəsinə olan vurğunluğunun bariz nümunəsidir. 
Naxçıvan mətbuatının ölkə mətbuatında öz xüsusi yeri, çəkisi və rolu vardır. Bu sırada “Şərq qapısı” qəzetinin əməkdaşları “Media haqqında” Azərbaycan Respublikasının Qanununa, jurnalistlərin etik davranış qaydalarına hörmətlə yanaşır, yazılarında dövlətin, cəmiyyətin, şəxsiyyətin  maraqlarının və mənafelərinin müdafiəsinə çalışır, mətbuat azadlığından sui-istifadə hallarına yol vermirlər. Obyektivliyi və səmimiyyəti özünün peşəkarlıq meyarı hesab edirlər. Qürurla deyə bilərəm ki, bu gün mətbuat əməkdaşları müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, sosial-iqtisadi islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə, sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır, Azərbaycan mətbuatının inkişafına öz dəyərli töhfələrini verirlər. 

Gənc jurnalistlərə tövsiyəm budur: Daim mütaliə edin.

Bu həm şəxsi həyatınız, həm də yaradıcılığınız üçün stimuldur

Sözü daim kəsərli, qələmi iti olan mətbuat fədailərimizdən biri də 47 il bu sahəyə könül vermiş Əməkdar jurnalist, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərovdur. Onun dediklərindən: – Bu il 149 illik yubileyini qeyd etdiyimiz milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilib.

İlk iş yerim olan “Şərq qapısı” qəzeti də belə mətbu nümunələrdən biridir. Qəzetdə işlədiyim müddətdə daha çox sadə əmək adamları ilə görüşüb, onların həyat və fəaliyyətini işıqlandırmışam. Amma bir şeyi açıq etiraf etməliyəm ki, o zaman Jurnalistika fakültəsində yiyələndiyimiz nəzəri biliklərin praktikaya tətbiqində bir sıra maneələrlə də rastlaşdım. Ciddi yazılar, araşdırmalar üçün gənc kadrlara o qədər də etibar edilmirdi, qəzetdə janr müxtəlifliyi məhdud şəkildə idi. Korrespondensiya, zametka, zarisovka janrları hələ kifayət qədər işlək deyildi. İndi isə gənc kadrların cəsarətlə irəli çəkilməsini, onlara öz potensiallarını üzə çıxarmaq üçün hərtərəfli imkanların yaradılmasını alqışlayıram. Qəzetdəki fəaliyyətimdən sonra Naxçıvan teleradiosunda əmək fəaliyyətimi davam etdirdim. 23 il burada çalışdım, kiçik redaktordan baş redaktora kimi müxtəlif vəzifələr daşıdım. Mənim üçün xoş idi ki, sonradan başqa sahələrdə fəaliyyət göstərəndə məni hələ də teleaparıcı, diktor kimi tanıyırdılar. 
Ötən illər ərzində muxtar respublikada baş verən hadisələrin qaynağında olmuşam. Teleradioda çalışdıqdan və müəyyən qədər tanındıqdan sonra qəzetlərlə daha çox əməkdaşlıq etmişəm. Çox vaxt “İşıqlı yol” qəzetinin əməkdaşı, mərhum jurnalist Elman Məmmədovla qələmə aldığımız tənqidi yazılarda yalnız fakta əsaslanır, yalan, qeyri-dəqiq heç nə yazmırdıq. Güman edirəm ki, Milli Mətbuat Günündə belə jurnalistlərimizi yada salıb, onların mətbuatın inkişafındakı rolunu bir daha xatırlamalıyıq. Qələmə aldığım “Kapitan Qrantın uşaqları”, “Femidanın Naxçıvan mələkləri” adlı araşdırma yazıları geniş oxucu auditoriyası qazanıb. Həmçinin ötən əsrin 80-ci illərindən Naxçıvan Televiziyasında mənim müəllif və aparıcılığımla “Telesiqnal”, “Telezınqrov”, “Bunlar kiçik məsələlər deyil” adlı verilişlərdə sənət dostlarımızla hazırladığımız qısa səhnəciklər, 1988-ci ildə ilk dəfə cənub mövzusunun yer aldığı “Ayrılıq” bədii-publisistik proqramı uğurla qarşılanıb. Həmçinin ötən əsrin 90-cı illərində Sədərək döyüşləri haqqında ardıcıl reportajlar, xüsusilə tibb bacısı Nəzifə Qaybalıyeva ilə reportajımızın illər sonra “Sədərəkdən Şuşaya” telefilminin ərsəyə gəlməsində mühüm rolu oldu. Odur ki, gənc jurnalistlərə tövsiyəm budur: Daim mütaliə edin, dünya ədəbiyyatında xüsusi yeri olan əsərləri oxuyun. Bu həm şəxsi həyatınız, həm də yaradıcılığınız üçün stimuldur.
Sonda bu ilin yaddaşına yazılan bir əlamətdar hadisəni də yada salmaq istəyirəm. Muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri Vayxır kəndi ərazisində, Naxçıvan-Batabat magistralının kənarında bu ilin yazında “Əkinçi” bağı salıblar. O tədbirdə mən də iştirak etmişəm. İndi hər dəfə oradan keçərkən əkdiyimiz tinglərin boy atıb böyüdüyünü görəndə qəlbən sevinirəm. İnanıram ki, o bağ media nümayəndələrini bir araya gəlməsində önəmli rol oynayacaq. Və bir də ona inanıram ki, media nümayəndələrimiz milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq, fəaliyyətlərində obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyini qoruyacaqlar. 

“Şərq qapısı” qəzeti yüzlərlə yaradıcı insanın qabiliyyət və istedadının 
aşkarlanmasında, formalaşmasında əvəzsiz rol oynayıb

65 illik ömrünün 30 ildən artıq bir dövrü mətbuata bağlı olan mətbuat fədailərimizdən biri Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Şəkərəliyevdir. O, 1989-cu ildə Culfa rayonunda əvvəlcə “Zəfər”, sonralar “Arazın səsi” adları ilə çap olunan qəzetdə şöbə müdiri, 1994-2019-cu illərdə qəzetin redaktoru vəzifəsində çalışıb. Hüseyn Şəkərəliyev qəzetə müsahibəsində bunları dedi: – 1990-cı illərdə bir çox rayon qəzetləri kimi, “Arazın səsi” qəzeti də çətinliklərlə üzləşdi, ayda cəmi 2 dəfə işıq üzü görməyə başladı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra digər rayon qəzetləri kimi “Arazın səsi” qəzeti də dövlət dəstəyi ilə təmin edildi, qəzetin dövriliyi və tirajı artdı. Qəzetə rəhbərlik etdiyim dövrdə muxtar respublikamızın bütün rayon qəzetləri kimi “Şərq qapısı” qəzeti ilə əlaqələrimiz yüksək səviyyədə olub, tez-tez təcrübə mübadilələri apararaq yenilikləri muxtar respublika qəzetlərində tətbiq etməyə çalışmışıq. Xüsusi vurğulamaq lazımdır ki, muxtar respublikamızın əsas mətbu orqanı kimi “Şərq qapısı” qəzetindən çox şeylər öyrənmişik. 100 ildən artıq bir dövrdə muxtar respublika ictimaiyyətini maarifləndirən, yenilikləri öz oxucusuna çatdıran “Şərq qapısı” qəzeti minlərlə yaradıcı insanın qabiliyyət və istedadının aşkarlanmasında, formalaşmasında əvəzsiz rol oynayıb. Fərəhli haldır ki, “Şərq qapısı” bu missiyanı bu gün də uğurla davam etdirir. Bu mətbu orqan ölkə arenasında öz dəst-xəti ilə seçilən mətbuata çevrilib. İnformasiya sistemində qazandığı uğurlar nəticəsində muxtar respublikadakı yenilikləri operativliklə oxucusuna çatdıran “Şərq qapısı” qəzetinə gələcək fəaliyyətində uğurlar arzulayıram. Qəzetin əməkdaşlarını, eləcə də bütün media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm. 

Ölkə mediasında Naxçıvanda gedən inkişafı təbliğ etmək, işıqlandırmaq
 vəzifəsi əsas amalım olub

Əməkdar jurnalist, Naxçıvan Televiziyasının redaktoru Hafizə Əliyeva uzun illər mətbuat sahəsində fəaliyyət göstərmiş jurnalistlərimizdən biridir. Onun Milli Mətbuat Günü ilə bağlı qəzetə verdiyi müsahibəni təqdim edirik: – Azərbaycanın çoxəsrlik milli-mədəni inkişaf tariximizin ən önəmli səhifələrindən olan “Əkinçi” qəzetinin işıq üzü görməsindən 149 il ötür. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi”, bəlkə də, necə böyük bir ilkin başlanğıcında dayandığının fərqində deyildi. Amma faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı ötən 149 ildə böyük inkişaf yolu keçib. Qürurverici haldır ki, Azərbaycan mətbuatının inkişafında Naxçıvan mətbuatının xüsusi yeri var. Və təbii ki, Naxçıvan mətbuatı deyəndə, ilk növbədə, “Şərq qapısı” qəzeti yada düşür. Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən bu qəzet XX əsrin 90-cı illərinin əvvəllərində sovetlər birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb. Milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirib. Ümummilli Lider Heydər Əliyevin “Şərq qapısı” qəzeti haqqında dedikləri məhz bu qəzetin bölgənin tarixində, elm, təhsil, maarifçilik, ədəbiyyat sahəsində gedən inkişaf proseslərindəki böyük roluna və həmçinin jurnalist kadrlarının yetişməsindəki fəaliyyətinə verilən ən böyük qiymətdir. 

Qürurvericidir ki, mən də sevdiyim peşəyə, jurnalistlik fəaliyyətimə bu qəzetdə başlamışam. Müstəqillik yolumuzun keşməkeşli tarixi məqamlarını nəsillərə tanıtmaq, yaddaşlarda yaşatmaq missiyasını yerinə yetirən təcrübəli, tanınmış jurnalistlərlə birgə çalışmaq xoşbəxtliyi yaşamışam. Həmçinin Babək Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səhəri” qəzetində baş redaktor kimi çalışmışam. ­Hazırda “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində  redaktor kimi fəaliyyətimi davam etdirirəm. “Naxçıvan necə döyüşdü, necə müdafiə olundu”, “Babək müstəqilliyin işığında” kitablarım işıq üzü görüb. Bu illərdə dəfələrlə Azərbaycan üzrə jurnalistlər arasında keçirilən yazı müsabiqələrində birinci yerə layiq görülmüşəm. Ölkə mediasında Naxçıvanda gedən inkişafı təbliğ etmək, işıqlandırmaq vəzifəsi əsas amalım olub. Ümumiyyətlə, jurnalistika ən gözəl peşələrdən biridir. Xalqa həqiqətləri bildirən, həm də xalqın haqq sözünü deyən, ictimai rəyə və şüura təsir göstərən unikal fəaliyyət növüdür. Son olaraq qeyd edim ki, obyektivlik, dəqiq və qərəzçilik azad medianın daşıyıcılarına həmişə başucalığı gətirib. Onları xalqa sevdirib, nüfuz qazandırıb. Mən də bu həssas, şərəfli sahədə çalışan həmkarlarımı 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara “Gününüz mübarək olsun!” – deyirəm.
Prezident cənab İlham Əliyev milli mətbuatın cəmiyyətdəki rolunu belə qiymətləndirmişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır...” İnternet, texnologiya əsrində informasiyaların yayılması jurnalistlərdən böyük peşəkarlıq və qətiyyət tələb edir. Odur ki, fəaliyyətində jurnalistikanın etik dəyərlərini gözləyən, Vətəninə, xalqına qərəzsiz, vicdanla xidmət edən jurnalist həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 22.07.2024 12:05