AZ EN RU

Məscidlərimiz tarixin işığında

Bir əsri geridə qoymuş “Şərq qapısı” qəzetindən 100 yaşlı muxtariyyətimizə açılan maarifçilik yolu...

Məlumdur ki, Azərbaycan tarixinin zənginləşməsinə öz töhfəsini vermiş Naxçıvan böyük inkişaf yolu keçən muxtariyyətinin 100 yaşını qeyd edir. Bu münasibətlə biz də mətbuat tariximizdə önəmli yeri olan və muxtar respublikamızın ictimai-siyasi həyatının işıqlanmasında böyük xidmətlər göstərmiş 103 yaşlı “Şərq qapısı” qəzetinin ötən əsrdə çap edilən nömrələrində dərc olunmuş müxtəlif mövzularda maraqlı, tarixi faktlarla zəngin məqalələrin təhlili və yenidən işıqlandırılması ilə oxucularımızın görüşünə gəlmişik. Bu günlərdə şəhərimizin mərkəzində yerləşən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası kitabxanasında “Şərq qapısı” qəzetinin nüsxələrini vərəqləyərkən 1991-ci ilə aid “Tariximizi bilməsək” başlığı ilə qələmə alınan bir yazı diqqətimi çəkdi. Yazını oxuyarkən məqalənin əsas məğzində tarixi abidələrin dayandığını gördüm. Məqalədə bir sıra tarixi tikililər, o cümlədən də XII əsrdə Naxçıvan şəhərində inşa olunmuş Came məscidinin, Pirqəmiş məscidinin, Ordubad şəhərində yerləşən XVII əsrin memarlıq nümunəsi sayılan Came məscidinin və Naxçıvan şəhərindəki Zaviyə məscid-mədrəsə kompleksinin adları xüsusi vurğulanıb. Hələ 30 il bundan öncə dövrünün tanınmış qələm sahiblərinin geniş məqalələr, reportajlar hazırladığı bu tarixi abidələri yenidən araşdırmaq, onlar haqqında yazılmış məqalələrə, arxiv materiallarına təkrarən qayıtmaq, o cümlədən ömrünü tarixi abidələrimizin araşdırılmasına həsr etmiş görkəmli alimlərimizlə həmsöhbət olmaq bir əsri geridə qoymuş “Şərq qapısı” qəzetindən 100 yaşlı muxtariyyətimizə açılan maarifçilik yoluna yenidən işıq tutmaq olardı.
Haqqında danışdığımız qədim məscidlərimiz barədə daha ətraflı məlumatı AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Naxçıvan Dövlət Universitetinin professoru Hacıfəxrəddin Səfərlidən öyrənirik. Hacıfəxrəddin müəllimin sözlərinə görə, məscidlərin yaranması İslam dininin meydana gəlməsindən, yəni VII əsrdən başlayır. Orta əsrlərdə Azərbaycanda və digər müsəlman ölkələrində İslam qayda-qanunlarına riayət etməklə hər bir ölkənin memarlıq ənənələrinə uyğun məscidlər inşa edilirdi. Azərbaycanda, o cümlədən onun qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan bölgəsində də məscidlər tikilirdi. Burada indiyədək bizə məlum olan ən qədim məscid nümunəsi Naxçıvan memarlıq məktəbinin banisi, görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən XII əsrdə inşa edilmiş Came məscididir. XIX yüzilliyin sonlarınadək yarımuçuq vəziyyətə düşmüş məscid Atabəylər memarlıq kompleksinə daxil olan ən möhtəşəm memarlıq nümunələrindən biri olmuşdur. Müsahibimiz deyir ki, bu məscid haqqında bizə ancaq tədqiqatçıların əsərləri, XIX əsrdən yadigar qalmış fotoşəkil və XIX yüzillikdə Naxçıvana gəlmiş fransız səyyahı və arxeoloqu Jan Dyelafuanın çəkdiyi rəsm əsəri məlumat verir. Həmçinin “Şərq qapısı” qəzetinin arxiv səhifələrində də sözügedən məscidin tarixi haqqında müəyyən məlumatlar tapmaq mümkündür. Fotoşəkillərə və rəsmlərə istinad edərək Came məscidi haqqında müəyyən fikirlər yürütmək  olur.
Hacıfəxrəddin müəllimin sözlərinə görə, Atabəylər dövlətinin mövcud olduğu dövrdə, Şərq memarlıq üslubunda tikilən bu məscid Naxçıvanda ən əzəmətli və qədim tikilisi olmaqla bərabər, həm də əhalinin ən çox toplaşdığı sosial-siyasi və ideoloji mərkəz kimi seçilmişdir. Came məscidinin yerləşdiyi Atabəylər memarlıq kompleksinin əsas tikililərindən biri də Eldənizlər sarayı olmuşdur. Ehtimal ki, bu məscid Atabəy hökmdarlarının ibadət etməsi üçün sarayın yaxınlığında inşa etdirilmişdir. Dövrünün görkəmli memarı Əcəmi Naxçıvaninin dərin biliyi, elmi ilə sözügedən məscidin tikilməsində Atabəylər dövlətinin qüdrəti, dövlətin başında duran Eldənizlərin əzəməti nəzərə alınmış, paytaxtın baş məscidi olmaq etibarilə çox möhtəşəm inşa edilmişdir. Məhz bu əzəmətinə və möhtəşəmliyinə görə o, digər abidələrin gözəlliyini geridə qoymuş və əraziyə gələn səyyahların, tədqiqatçıların diqqətini cəlb etmişdir. Məsələn, XII əsr fransız səyyahı Jan Tavernye bu məsciddən bəhs etmiş, onu “Asiyanın ən yaxşı və gözəl məscidlərindən biri” kimi dəyərləndirmişdir.
Müsahibimiz deyir ki, “Şərq qapısı” qəzetinin səhifələrində adına rast gəldiyimiz məscidlərdən biri də şəhərimizdə yerləşən qədim Pirqəmiş məscididir. Pirqəmiş məscidi Naxçıvan şəhərinin Şahab məhəlləsindədir. Aparılan tədqiqatlar təsdiq edir ki, bu məscidin yerində orta əsrlər zamanı Naxçıvan ərazisində fəaliyyət göstərən sufi təriqətlərindən birinə məxsus xanəgah olmuşdur. Bu xanəgahın rəhbəri əsl adı məlum olmayan Pir Xamuş adlı şeyx olmuşdur. Şeyxin adına əlavə edilmiş “pir” titulu sufilərdə ən yüksək məqamlardan biridir. “Pir” istilahı digər mənaları ilə yanaşı, həm də orta əsrlər zamanı sufi təriqəti rəhbərlərinə verilən titul idi. Sufilikdə ən yüksək məqam övliyalara və pirlərə məxsus olmuşdur. Bütün bunlara əsasən deyə bilərik ki, Naxçıvan şəhərində indi “Pirqəmiş” adı ilə tanınan məscidin adındakı “pir” sözü sufiliklə bağlıdır və orada fəaliyyət göstərən təriqətin rəhbərinin titulu olmuşdur. Məscidin adının ikinci hissəsində indi “qəmiş” kimi tələffüz olunan “xamuş” sözü isə fars dilində “sakit”, “dinməz” mənasını verir. Görünür, xanəgahın başçısı çox danışmağı sevməyən, sakitcə zikr etməklə gününü keçirən bir adam olmuşdur. Çünki bəzi xanəgah rəhbərləri yüksək savada malik olsalar da, özlərinin az biliyə malik olduqlarını düşünərək danışmaqdan çox susmağa üstünlük vermişlər. Haqqında bəhs etdiyimiz xanəgah rəhbəri də bu baxımdan xalq arasında “susan pir” – “Pir Xamuş” adı ilə tanınmışdır.
Pir Xamuş xanəgahı Naxçıvan şəhərində uzun müddət fəaliyyət göstərmiş, onun ardıcılları olan dərvişlər əhali arasında böyük nüfuza malik olmuş, dövrün və cəmiyyətin sosial-siyasi və ideoloji həyatında yaxından iştirak etmişlər. Əhali arasında böyük hörmət və nüfuz sahibi olması səbəbindəndir ki, xanəgahda fəaliyyət göstərən dərvişlərin rəhbəri, şeyxi Pir Xamuş öldükdən sonra öz xanəgahı yanındakı məsciddə də dəfn edilmiş, qəbri müridləri və əhali tərəfindən ziyarətgaha çevrilmişdir. Orta əsrlərdə olduğu kimi, bu qəbir XX yüzilliyin 30-cu illərinə qədər ziyarət edilirmiş. Ziyarətgah həm də məscid kimi istifadə olunurdu. Hacıfəxrəddin müəllim deyir ki, Pirqəmiş məscidinin binası sovet hakimiyyəti illərində, ateizmin tüğyan etdiyi zamanlarda sökülmüş, yerində hamam tikilmişdi. Ancaq məscid yerində tikildiyi üçün əhali buraya gəlməmiş və hamam uzun müddət istifadəsiz qalmışdı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bina yenidən qurularaq məscidə çevrilmişdir.
Hacıfəxrəddin müəllimin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək gəlib çatan möhtəşəm məscid nümunələrindən biri də Ordubad şəhərindəki Came məscididir. Bölgənin ikinci böyük şəhəri olan Ordubad şəhəri tarix-memarlıq abidələri ilə çox zəngindir. Bu cəhətdən o nəinki Naxçıvan Muxtar Respublikası, geniş mənada, Azərbaycan şəhərləri arasında ilk yerlərdən birini tutur. Müsahibimiz deyir ki, Ordubad şəhərinin mərkəzində yerləşən Came məscidi şəhərin əsas məscidi olmuşdur. Tikdirilməsi əhali tərəfindən varlı bir qadının adı ilə əlaqələndirilən məscidin sahəsi böyükdür. Məscid şəhər əhalisinin əsas ibadət yeri olmaqla bərabər, həm də insanların ən çox toplaşdığı əhəmiyyətli bir sosial-siyasi və ideoloji mərkəz olmuşdur. İnsanlar burada namaz qılıb ibadət və zikr etməklə yanaşı, müxtəlif görüşlər keçirir, söhbətləşir, bir-biri ilə ünsiyyət yaradırdılar. Burada adamlar ölkədə olan məlumatlardan xəbər tutur, fikir mübadiləsi edirdilər. Bu məscid orta əsrlər zamanı Ordubad şəhərinin dini və inzibati mərkəzi sayılmışdır. 
Məscidin üzərində inşaat kitabəsi olmadığı üçün onun inşa tarixi haqqında qəti fikir söyləmək mümkün deyildir. Ancaq abidəni memarlıq baxımından tədqiq edən akademik Ə.Salamzadə və sənətşünaslıq doktoru K.Məmmədzadənin fikrincə, özünün indiki görkəmində çox zəngin inşaat ənənələrinin məhsulu təsirini bağışlayan məscidin zahiri memarlıq siması ehtimal ki, XVII yüzilliyin əvvəllərində yaranmışdır. Qeyd etmək lazımdır ki, 1902-ci ildə məsciddə və ətrafında abadlıq bərpa işləri apararkən torpağın altından üzərində hicri tarixi ilə “111-ci il” və “Harun” şəxs adı yazılmış kərpic tapılmışdır. Bu tarixə əsasən ehtimal etmək olar ki, məcsidin əsası hicri 111-ci ildə, miladi ilə 729-cu ildə qoyulmuşdur. XVII əsrdə isə məscid müasir görkəmə salınmışdır. Həmin vaxt həm də məscidin şərqdən giriş qapısının baş tərəfində Səfəvi hökmdarı I Şah Abbasın Ordubad əhalisinin xəzinəyə veriləcək bir sıra vergilərdən azad olunması haqqında 1604-cü ildə imzaladığı fərmanın mətninin əks olunduğu kitabə də qoyulmuşdur.
Hacıfəxrəddin müəllim onu da deyir ki, haqqında danışdığımız “Tariximizi bilməsək” adlı məqalədə adıçəkilən məscidlərdən biri də bu günə qədər Naxçıvan şəhərində salamat vəziyyətdə qalan Zaviyə məscididir. Bu məscid hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, eyniadlı Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda yaşayan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır, ibadət və zikrlə məşğul olurdular. Hürufi təriqətinə mənsub olan dərvişlər belə yerləri “xanəgah”, bektaşi və nəqşibəndilər isə “zaviyə” adlandırırdılar. Qeyd etmək lazımdır ki, Naxçıvan şəhərindəki bu Zaviyə məscidi bektaşilərə məxsus olmuşdur.
Həmsöhbətimiz qeyd edir ki, Zaviyə məscid-mədrəsə binası istər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir. XVII-XVIII əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı, yeni tikinti meyilləri də bu binanın görkəmində özünü göstərib. İnşaat tiplərindəki bu dəyişiklik, əsasən, dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar olmuşdur.
Söhbətimizin sonunda Hacıfəxrəddin müəllim bildirdi ki, “Şərq qapısı” qəzeti, həqiqətən də, Azərbaycan mətbuat tarixində böÿük məktəb yaratmış və tədqiqatlar üçün gələcək alimlərin, tədqiqatçıların üzünə qapı açmışdır: “Şərq qapısı” nəinki tarixi faktlarla zəngindir, eyni zamanda yüzillik muxtariyyət tarixi olan Naxçıvanın ictimai-siyasi həyatının işıqlanmasında da böyük rol oynamışdır. 
Müsahibimizin də sözlərindən o qənaətə gəlirik ki, qəzetimizin səhifələrində Naxçıvanın tarix və mədəniyyət abidələri haqqında çoxlu məqalələr yazılmışdır. Bu gün bizim tədqiqatçı alimlərimiz muxtar respublikanın nəinki məscidləri, ümumiyyətlə, tarix və mədəniyyət abidələri haqqında hərtərəfli araşdırmalar apararaq Naxçıvan tarixinə, bütövlükdə, Azərbaycan tarixinə böyük töhfə verirlər. Bununla yanaşı, muxtar respublikamızın keçmişini özündə ehtiva edən bir çox sahələrdə kifayət qədər tədqiqatlar aparılıb, elmi kitablar, tədqiqat materialları işıq üzü görüb. Və inanırıq ki, Naxçıvan Muxtar Respublikasının tarixini işıqlandırmaqda bundan sonra da “Şərq qapısı” qəzetinin rolu böyük olacaqdır...

Bülbül Quliyeva

Nəşr edilib : 02.08.2024 20:03