AZ EN RU

Merihin ox olub gözlərə batan barmağı və ya türkə durmaq yaraşmaz, türk öndə, türk irəli!

İllərdir, xalq olaraq qardaş Türkiyənin kişilərdən ibarət əsas futbol komandasının oyunlarını həyəcanla və qürurla izləmiş, uğurlarına sevinmiş, uğursuzluqlarına məyus olmuşuq. Meydanda tərinin son damlasına qədər döyüşən  11 nəfəri özümüzdən biri bilmişik, vaxt və məkandan asılı olmayaraq, Türkiyə və Azərbaycan bayraqlarını stadionda birgə dalğalandırıb onlara dəstək və mənəvi güc vermişik. Bu günlərdə Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsindən 2-ci olaraq çıxan və 1/8 final mərhələsində Avstriya millisinə diz çökdürən qardaş Türkiyə yığmasının növbəti tarixi uğurunu da eyni coşqu və sevinclə izlədik.

Belə baxanda burada heç bir anormal vəziyyət yoxdur. Hələ 2008-ci ildə Avropa çempionatında türk qardaşlarımız keçirilən oyunlarda bundan da yaxşı mübarizə nümayiş etdirmiş, hətta yarımfinal mərhələsinə qədər yüksəlmişdilər. Məsələ ondadır ki, bu dəfə Türkiyə-Avstriya oyununda qardaş ölkənin futbol yığmasının hər iki qolunu vuran Merih Demiralın qol sevinci avromediada gündəm olub, söz-söhbət yaranıb. Qol sevincini bozqurd işarəsi göstərərək qeyd edən gənc müdafiəçi oyundan sonra keçirilən mətbuat konfrasında bildirmişdi ki, o an ağlıma bozqurd işarəsini tutmaq gəldi və mən türk olduğumla qürur duyuram.

İndi söz-söhbətin məğzi budur ki, çempionatın əsas təşkilatçısı olan UEFA (Avropa Futbol Federasiyaları Birliyi) Merihin qol sevincində siyasi motiv axtarmaq eşqinə düşüb və İntizam Komitəsi sabah keçiriləcək kritik Türkiyə-Niderland oyunundan öncə  Merih Demiral ilə bağlı istintaq başladıb və sırf bozqurd işarəsinə görə ona 2 oyun cəza verilib. Oxucularımız üçün bozqurd işarəsi ilə bağlı qısa arayış: “Bozqurd işarəsi, salamlaşması Altaylardan üzü bəri gələn türk simvoludur. Milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti Bozqurd işarəsini öz ideya mənsubiyyəti üçün simvol seçiblər. Tarixi araşdırmalara görə, Qərbə köç edən hunlar, qıpçaqlar və peçeneqlər kimi bir neçə türk qövmü öz nəsilləri, kimliklərini təmsil və ifadə etmək üçün bu işarədən istifadə ediblər”.

İndi Avropanın o böyüklükdə futbol qurumu izah etsin görək, nədir problem? Niyə türk futbolçu və onun qol sevinci siyasiləşdirilir? Axı nədir bu türkü çəkə bilməmək sindromu? Bir neçə il bundan öncə də buna bənzər bir hal baş vermişdi. Xatırlayıram ki, Fransa oyununda türk futbolçular atılan qoldan sonra əsgər salamı vermiş və yenə bütün Avropa bir-birinə dəymişdi ki, amandır, qoyma gəldi, futbolçunun hərəkəti İntizam Komitəsində sorğulanmalıdır. Başqa sözlə, UEFA-nın Merihlə bağlı verdiyi qərar, əslində, heç də təəccüblü deyil. Onlar etiraf etməsə də, biz izah edək Qərbin qarın ağrısını: bozqurd işarəsindən qorxmaq əslində türkdən, onun şanlı tarixindən qorxmaqdır. Bu, bir zamanlar bütün Avropanı fəth edən, ucsuz-bucaqsız Osmanlı imperiyasının qüdrətindən çəkinməkdir. Bozqurd işarəsindən qorxmaq həm də böyük Turan imperiyasından, türkçülük ideologiyasından, türk birliyindən, qardaşlığından əsib-titrəməkdir. Yox, əgər belə deyilsə, nəyə görə hansısa avropalı futbolçunun qoldan sonra dombalaq aşması, özünü yerə-göyə vurması sorğulanmır, bu cür mötəbər bir turnirdə bozqurd işarəsinə görə Merih Demiralın barmağı ox olub gözlərə batır?

Əminəm ki, ulduz futbolçu üçün bu qərar çox sarsıdıcı olub. Eybi yox, onun yerinə sabah meydana çıxmalı olan hər hansı türk müdafiəçi də tərinin son damlasınadək “döyüşəcək”. Sadəcə, adamlar öz çirkin niyyətlərini ortaya qoydular, özləri özlərini yenidən ifşa etdilər. Gənc Merih kimi qəlbi türkçülük eşqi ilə yanıb tutuşan milyonlar, eləcə də bütün Azərbaycan xalqı qardaş Türkiyə millisinin yanındadır. Sabah 11 nəfər meydanda, milyonlar arxanızda olacaq. Uğurlar, Türkiyə!

Faruk Nafiz Çamlıbel demiş, türkə durmaq yaraşmaz, türk öndə, türk İRƏLİ!!!

Muxtar RZAZADƏ

Nəşr edilib : 05.07.2024 17:34