AZ EN RU

Mənim də Turalım qəhrəmanlardan biridir

Tural Süleyman oğlu Məmmədov

21.09.2000 – 19.09.2023

Tural haqqında danışmaq mənim üçün olduqca ağırdır. Bir qədər geriyə qayıdaraq deyim ki, məktəbi çox çətinliklə oxudu. Arzuları sonsuz, hədəfləri böyük idi. 23 yaşında – doğum günündə dəfn olundu. Qısa ömrünə qəhrəmanlıq sığdırdı. 
Arzusu hərbçi olmaq idi. Hərbi liseyə sənədlərini təqdim etdi. İmtahanda yetərli balı toplayıb məktəbə daxil oldu. Yaxşı oxuyurdu. Üç il Naxçıvanda, dörd il də Bakıda təhsil almışdı. IV kursda oxuyanda II Qarabağ müharibəsinin iştirakçısı olub. Füzuli, Qubadlı, Cəbrayılın azad olunmasında iştirak edib. Müharibədə olmağından xəbərimiz yox idi.  Danışdıqca deyirdi ki, ana, Gəncədə təlimdəyik. Müharibədən qayıtdıqdan sonra təhsilini davam etdirdi.
2021-ci ildən işə başladı, ilk təyinatı Xocavəndə oldu. 2023-cü ildə antiterror əməliyyatında iştirak edərək şəhidlik zirvəsinə yüksəldi.

Turalla bağlı saatlarla danışsam, yorulmaram. Ailədə beş uşaq olsalar da, hamısından fərqlənirdi. Cəld, qoçaq, Vətəninə, anasına bağlı bir övlad idi. Məndən uzaq olduğuna görə tez-tez narahatlığını dilə gətirirdi. Bizi çox erkən tərk etdi. Hələ də inanmırıq ki, o, aramızdan gedib. Elə bilirəm ki, geri qayıdacaq. Onu hər an yanımda hiss edirəm.  
Sonuncu dəfə 17 sentyabrda  danışdıq. Dedi, ana, telefonlarımızı yığırlar. Mənə zəng vurmayın. Tələsirik. Ağdama gedirik. Geri qayıtdıqda mən özüm sənə zəng edəcəyəm. Sentyabrın 20-də biz evdə yox idik. Naxçıvan şəhərinə getmişdik. Evə gələndə gördüm, hamı mənə qəribə baxışlarla baxır. Heç ağlıma da gəlmədi ki, balama nəsə olar. Öyrəndim ki, Tural antiterror əməliyyatında iştirak edib. Elu bu əməliyyatda da şəhid olub. Nə deyə bilərik. Çox qürurludu, amma ağrı verir. Mənim də Turalım qəhrəmanlardan biridir. Ailəmizin qüruru oldu. Qəhrəmanlığı ilə bu qüruru bizə yaşatdı. Tural və onun kimi digər qəhrəmanların sayəsində Xankəndidə bu gün Azərbaycan Bayrağı dalğalanır. Vətən sağ olsun!
 

Nəşr edilib : 09.07.2024 18:58